Accessibility links

İranda hökumət əlehinə etirazlar davam edir


İranın Zahedan şəhərində etirazlar
İranın Zahedan şəhərində etirazlar

Dekabrın 26-da İranın müxtəlif şəhərlərində küçələrə çıxan iranlı etirazçılar 22 yaşlı Məhsa Əmininin sentyabrda polis nəzarətində öldürülməsi ilə başlayan hökumət əleyhinə etirazlarını davam etdiriblər.

Sosial mediada yayımlanan videolarda İranın cənubundakı Hörmüzqan əyalətinin Dəşti şəhərində insanların 35 yaşlı etirazçı Həmed Mollainin ölümündən 40 gün keçdikdən sonra küçələrə çıxaraq hökumət əleyhinə "Biz uşaq qatili hökumət istəmirik" deyə şüarlar səsləndirdiyi görünür.

İki azyaşlı qız atası olan Mollai noyabrın 17-də Dəştidə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

O, ümummilli etirazlar başlayandan bəri azı 62-i uşaq da daxil olmaqla, İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən təxminən 500 nəfərdən biridir.

İranın şimal-qərbində yerləşən Mahabad şəhərində də insanlar dekabrın 26-da axşam saatlarında şəhərin bəzi küçələrdə tonqal yandıraraq, rejim əleyhinə şüarlar səsləndirərək yolları bağlayıblar.

Tehran yaxınlığındakı Bomehanda insanlar küçələrdə "Ata, nəhayət ki, məni öldürdüklərini bildinmi?" sözləri yazılmış plakat asıblar. Plakatdakı mesaj keçən ay İzehdə 10 yaşlı Kian Pirfalakın öldürülməsinə işarə edir.

Təhlükəsizlik qüvvələri onların avtomobilinə atəş açması nəticəsində ağır yaralanan Kianın ölümü barədə məlumat rəsmilər tərəfindən onun atasına 40 gün sonra verilib.

Tehranda və şimal-şərqdəki Məşhəd şəhərində də etiraz aksiyaları keçirilib, insanlar əsasən pəncərələrdən və damlardan hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etirazlarda Qərbi günahlandıran rəsmilər iğtişaşların dördüncü aya qədəm qoyduğu bir vaxtda məhkəmə sisteminin liderliyi ilə etirazçılarılara qarşı daha sərt tədbirlər görəcəklərini bildirir.

Etirazlar 1979-cu il İslam inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükədir.

XS
SM
MD
LG