ABŞ-ın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib

Ceyhun Bayramov və Mark Libbi (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Dekabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın yeni təyin olunmuş səfiri Mark Libbini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

“Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb”, məlumatda qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Mark Libbi də X platformasında etimadnaməsinin surətini təqdim etdiyini təsdiq edib.

“Bu gün etimadnaməmin surətini Azərbaycan xarici işlər Naziri Bayramova təqdim etməkdən şərəf duydum. Buradakı fəaliyyətim müddətində ABŞ və Azərbaycan arasında əlaqələri və əməkdaşlığı gücləndirmək üçün çalışmağı səbirsizliklə gözləyirəm”, o qeyd edib.

Xatırladaq ki, səfir Mark Libbi dekabrın 2-də Bakıya gedib.