Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanın məhbusların azad edilməsi barədə bəyanatını alqışlayır. Dövlət Departamenti həmçinin Dövlət katibinin köməkçisinin Bakıya səfərinin müsbət və konstruktiv olduğunu bildirir.
ABŞ Dövlət Departamentinin söçüsü Metyu Millerin Ermənistan və Azərbaycan əsgərlərinin azad edilməsi barədə bəyanatında deyilir: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusun azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq.
Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, sənəddə qeyd edilir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Dövlət Departamentinin məlumatında deyilir ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K.O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə müsbət və konstruktiv görüş keçirib.
“Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub. Dövlət katibinin köməkçisi O'Brayn Prezident Əliyevə bildirib ki, ABŞ Azərbaycan Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona gözlənilən səfərlərini alqışlayacaq və katib Blinken tezliklə sülh danışıqlarının növbəti mərhələsi üçün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir", məlumatda deyilir.