Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında hərbçilərin azad edilməsi və etimad quruculuğu istiqamətində addımların atılmasına dair razılaşmanı alqışlayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı dekabrın 7-si birgə bəyanat yayaraq iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.
Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistan-Azərbaycan münasibətlərində “böyük irəliləyiş”i alqışlayıb, liderləri sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıb.
“Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, Şarl Mişel X səhifəsində yazıb.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də razılaşmanı alqışlayıb və Aİ-nin regionda sülhü dəstəkləməkdə qərarlı olduğunu əlavə edib.
“Avropa İttifaqı Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır. Bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, Cozep Borrel qeyd edib.
Azərbaycan və Ermənistan cümə axşamı yaydığı birgə bəyanatda iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunduğunu, xoşməramlı addım kimi Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə 2 azərbaycanlı hərbçini azad edəcəyini açıqlayıb.
Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və Azərbaycanın namizədliyini dəstəkləyir. Öz növbəsində, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar,” birgə bəyanatda qeyd edilib.