Azərbaycan prezidenti ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

İlham Əliyev və Ceyms O’Brayn (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn "X" hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə ilk "konstruktiv" söhbət apardıqlarını yazıb.

"Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq", o qeyd edib.

Azərbaycan Prezident Administrasiyasının məlumatında isə deyilir ki, Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyib.

Azərbaycanın regional sülh gündəliyini dəstəklədiyini vurğulayan prezident Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Məlumatda həmçinin bildirilir ki, Ceyms O’Brayn ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib və danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.

Məlumatda bildirilir ki, görüşdə həmçinin ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.