2024-cü ildə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilata -GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sədrlik Ukraynadan Azərbaycana keçəcək.
Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının dekabrın 1-də keçirilən iclasında bildirilib.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasının məlumatında deyilir ki, iclasda tərəflər 2023-cü ildə nizamnamə və işçi orqanların fəaliyyəti, əsas iqtisadi layihələrin inkişafı, eləcə də Konsulluq Konvensiyasının həyata keçirilməsi imkanlarını müzakirə edib.
Milli Əlaqələndiricilər Şurası həmçinin Ukraynanın GUAM-da sədrliyinin yekunlarını və Azərbaycan sədrliyinin prioritetlərini nəzərdən keçirib.
Xatırladaq ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.
2020-ci ildə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub.
Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik edəcək.