Siyasi məhbusların yeni siyahısında 254 nəfər var

Dekabrın 1-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Yeni siyahıya 254 nəfərin adı daxildir.

Siyahıya görə son iki ayda siyasi məhbus kimi tanınan şəxslərin sayı 19 nəfər artıb. Bundan öncə siyasi məhbus kimi tanınan şəxlərin sayı 235 idi.

Siyahıya 5 nəfər KİV nümayəndəsi, əsasən “Abzas Media” İnternet nəşrinin direktoru və onun müavini Ülvi Həsənli və Məhəmməd Kekalov, həmin resursun baş redaktoru və əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamova, həmçinin Kanal-13 İnternet televiziyasının rəhbəri Əziz Orucov daxil edilib.

Siyahıya Azərbaycanın Ləyaqətli Övladlarının Birliyi (ALÖV) Partiyasının sədri Rza Səfərsoy da daxil edilib. O, qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib. Lakin hüquq müdafiəçilərinin fikrincə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Həsənov yol polisini tənqid etdikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunub.

Şiə dindarlar arasından 12 dini fəal narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Siyahıda 254 siyasi məhbus kimi tanınan şəxlər 8 qrupa bölünüb:

Dəyişikliklər 11 nəfərin daxil olduğu “Jurnalistlər və bloqerlər" qrupunda baş verib.

“Müxalifət partiyalarının və hərəkatlarının üzvləri" - 13 nəfər, "dindarlar" - 183 nəfərdir.

Qalan qruplarda heç bir dəyişiklik olmayıb. Belə ki, "hüquq müdafiəçiləri" qrupunda 2 nəfər, Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər- 5 nəfər, "Tərtər işi” üzrə məhkumlar - 7 nəfər, "Gəncə işi” üzrə məhkumlar - 22 nəfər, ömürlük məhkumlar - 11 nəfərdir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amüerikanın Səsinə deyib ki, son aylarda siyasi təqiblər çoxalıb.

“Son günlər siyasi həbslərin sayı o qədər sürətlə artır ki, siyahını tərtib edib son rəqəmi müəyyən edə bilmirik. Əslində bu repressiyadır”, o qeyd edib.

Your browser doesn’t support HTML5

Elşən Həsənov: Siyasi təqiblər intensivləşib

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycandakı siyasi təqiblər Rusiya kommunist siyasəti ilə bağlıdır.

“Rusiya hakmiyyəti də əvvəl müstəqil mətbuatı xarici agent adladırdı. Sonra qeyri hökumət təşkilatlarını susdurdular. Həmin proses bizdə də davam etdirilir”, o qeyd edib.

Həsənov hesab edir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin hökumətə təsir gücü sıfıra bərabərdir.

“Hakimiyyət insanları eşitmir, çox aqressivdir. Yeganə ümidimiz beynəlxalq təşkilatların, hüquq müdafiə təşkilatlarının təzyiqidir”, o qeyd edib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.