Noyabrın 14-də ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksenin (Norveç) Azərbaycana səfəri başa çatıb.
ATƏT PA-nın Mətbuat və rabitə şöbəsinin məlumatında deyilir ki, ATƏT PA-nın Prezidenti və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə noyabrın 13-14-də Azərbaycanın siyasi rəhbərliyi ilə münaqişə ilə bağlı tam nizamlanmanın əldə olunmasının zəruriliyini müzakirə edib.
“Azərbaycan sentyabr ayında Qarabağ bölgəsində nəzarəti bərpa etdikdən sonra sülh sazişi ilə irəliləmək və əlaqələrin normallaşdırılması üçün konstruktiv fəaliyyətin vacib olduğunu deyən PA rəhbərləri Azərbaycanın ATƏT PA-da güclü iştirakının regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət əlamət olduğunu qeyd ediblər”, məlumatda bildirilir.
Prezident Kauma, xüsusi nümayəndə Henriksen və baş katib Roberto Montella Bakıda Prezident İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, xarici işlər nazirinin müavini Fariz Rzayev və Azay Quliyevin rəhbərlik etdiyi ATƏT PA -da Azərbaycanın Nümayəndə heyəti ilə mövcud vəziyyəti müzakirə edib. Onlar həmçinin minalardan təmizləmə, itkin düşmüş şəxslər və insan hüquqları, məcburi köçkünlər və qaçqınlar ilə məşğul olan səlahiyyətli şəxslər, beynəlxalq ictimaiyyətin, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüb, xüsusilə Azərbaycan hakimiyyətinin yeni nəzarətində olan ərazilərdə humanitar vəziyyəti müzakirə ediblər.
“Hüquqlarına hörmət edilməli olan məcburi köçkün əhali də daxil olmaqla, əhəmiyyətli problemlərin qalmasına baxmayaraq, nəhayət çoxdan gözlənilən sülh sazişini yekunlaşdırmaq üçün bəyan edilmiş öhdəliyi alqışlayıram. Son 30 il ərzində həm azərbaycanlılar, həm də ermənilər arasında insan itkisi unudulmamalı olan faciədir”, Prezident Kauma bildirib.
Xüsusi Nümayəndə Henriksen əlavə edib ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmanın əldə edilməsi üçün sürəti artırmağın vaxtıdır.
“Bakının indi davamlı sülhün bərqərar olması naminə həqiqi liderlik nümayiş etdirmək imkanı var. Mən parlamentar yoldaşlarımı ictimai dialoqda sülh səylərinə öz səslərini əlavə etməyə və bununla da regionda dinc yanaşı yaşamağa töhfə verməyə çağırıram”, Henriksen bildirib.
Məlumatda deyilir ki, Parlament Assambleyasının rəhbərləri ərazini tərk etmiş etnik ermənilərin geri qayıtmalarının asanlaşdırılması ilə bağlı hakimiyyətin bəyan etdiyi öhdəliyi alqışlayır.
Nümayəndə heyəti həmçinin yeni nəzarət edilən əraziləri minalardan təhlükəsiz etmək, yenidənqurma və reinteqrasiya ilə irəliləmək üçün görülən əhəmiyyətli səyləri qeyd edib.
“Bütün tərəflər sülh prosesində irəliləyişin, sabitliyin maraqlara uyğun olduğu barədə razılığa gəldilər. Nümayəndə heyəti beynəlxalq ictimaiyyətin Azərbaycanda təhlükəsizlik və humanitar inkişaflarla bağlı davamlı iştirakını təşviq edib. Onlar etiraf etdilər ki, əhali arasında qarşılıqlı etimadın inkişafı üçün vaxt tələb oluna bilər, lakin beynəlxalq institutların etimadın yaradılması səylərinə töhfə verə biləcəyini qeyd etdilər”, ATƏT PA-nın məlumatında deyilir.
ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma noyabrın 12-dən 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.
Bu barədə Finlandiya parlamentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, səfərin məqsədi Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı durum barədə ATƏT Parlament Assambleyasına məlumat təqdim etməkdir.
Pia Kauma səfərdən öncə deyib ki, ATƏT Parlament Assambleyası bir təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda platforma ola bilər.
Azərbaycandan sonra ATƏT Parlament Assambleyasının Prezidenti Gürcüstana gedəcək. O, Prezident Salome Zurabişvili, parlamentin spikeri, bir neçə nazir, ölkənin ATƏT Parlament Assambleyasındakı missiyası, hökumət və müxalifət partiyalarından olan parlament üzvləri ilə görüşəcək.
Pia Kauma Rusiyanın işğalı altında olan Cənubi Osetiya bölgəsini Gürcüstan ərazisindən ayıran təmas xəttinə baş çəkəcək.
O, Ermənistanda Cənubi Qafqaz səfərini başa çatdıracaq. Pia Kauma Ermənistanda baş nazir Nikol Paşinyan, parlamentin spikeri, xarici işlər naziri, ATƏT-in baş katibi Helqa Şmid ilə görüşəcək. O, Yerevanda həmçinin Dağlıq Qarabağdan olan olan qaçqınlara baş çəkəcək.
Ermənistanda ikitərəfli görüşlərdən sonra Kauma noybarın 18-20-də ATƏT Parlament Assambleyasının Yerevanda keçiriləcək payız sessiyasına sədrlik edəcək.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı dünyada təhlükəsizliklə məşğul olan ən geniş regional təşkilatdır. Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, ABŞ və Kanada bu təşkilatın üzvüdür.
Parlament Assambleyası Nazirlər Şurasına tövsiyə və təkliflər verir, aktual siyasi hadisələrlə bağlı bəyanatlar qəbul edir. Parlament Assambleyasında 56 ölkədən 323 deputat iştirak edir.
Pia Kauma bu ilin iyulunda Parlament Assambleyanın Prezidenti seçilib.