“İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsi, xüsusilə mülki şəxslərin hazırki eskalasiyadan ən çox əziyyət çəkən tərəf olması ciddi narahatlıq doğurur”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışında bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə, beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb.
“Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə ölkəmizin aktiv şəkildə töhfə verməsi, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə məsələyə göstərdiyimiz həssaslıq, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımlar qeyd olunub. Ölkəmizin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis etməsinin bu istiqamətdə əməkdaşlığa daha yaxından töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycanın Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcəyi bildirilib.
Son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğu vurğulanıb”, məlumatda qeyd edilir.