Böyük Yeddilər (G7) Qrupunun xarici işlər nazirləri çərşənbə günü Tokio sammitinin yekununa dair yaydıqları bəyanatda Qarabağdan erməni əhalinin kütləvi axınından ciddi narahatlıq ifadə edib, Azərbaycan və Ermənistan arasında davamlı sülhə çağırıb.
“Biz Azərbaycanı beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə tam əməl etməyə çağırır və köçkünlərin vacib humanitar ehtiyaclarını qarşılamağa yönəlik beynəlxalq səyləri alqışlayırıq”, bəyanatda qeyd edilir.
Bəyanatı ABŞ Dövlət katibi Antoni Blinken, Avropa İttifaqının xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrel, habelə Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın xarici işlər nazirləri imzalayıb.
Böyük Yeddilərin baş diplomatları Ermənistan və Azərbaycan arasında gücdən istifadə etməmək, suverenliyə hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında davamlı sülhün əldə edilməsinə dəstəklərini ifadə ediblər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyanatı alqışlayıb və normallaşma prosesi üçün beynəlxalq dəstəyin önəmli olduğunu deyib.
“Böyük Yeddilərin bəyanatını alqışlayaraq vurğulayırıq ki, güclü beynəlxalq addımlar və bütün tərəflərin aydın ictimai öhdəlikləri Ermənistan və Azərbaycanda arasında Qranada bəyanatına uyğun olaraq normallaşma, həmçinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin ehtiyaclarının həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”, Mirzoyan X səhifəsində qeyd edib.
Rəsmi Bakı bəyanatla bağlı hələlik hər hansı reaksiya verməyib. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-i Almaniyanın xarici işlər naziri Annalena Berbokla Bakıda baş tutan görüşü zamanı Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmasını və regional sülh gündəliyini dəstəklədiyini deyib.
ABŞ Dövlət Departmentinin sözçüsü Vedant Patel çərşənbə axşamı keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasıda sülhün ABŞ üçün prioritet olaraq qaldığını qeyd edib.