Enerji nazirliyinin sabiq müdiri Urmiyə gölü ətrafında xəstəliklər və mühacirət böhranından danışıb

Urmiyə gölü

İran Enerji Nazirliyinin yerlatı suların bərpası üzrə sabiq icraçı müdiri Seyyid Məhəmmədəli Müstəfəvi dövlətin yanlış su idarəçiliyinin ortaya çıxardığı ətraf mühit və insani faciələr haqqında danışıb.

Müstəfəvi Tehranda nəşr edilən Şərq qəzeti ilə müsahibədə deyib ki, "su problemi özünü artıq yeni üzü ilə, yəni xərçəng və tənəffüs xəstəlikləri, məcburi köç və şəhərətrafılaşma kimi böhranlar ilə göstərir."

O, xüsusilə Urmiyə gölü ətrafındakı kəndlərdə xərçəng xəstəliyindən ölənlərə diqqət çəkib.

"Su qıtlığı təhlükəsi keçən onilliklər ərzində ortaya çıxsa da, rəsmilər və müdirlər hələ bunu görmək istəmirlər. Onlar dənizlərdən su nəqli kimi qısamüddət çözümlər ilə sənaye sahibləri, əkinçilər və narazı vətəndaşların səsini kəsməyə çalışırlar. Ancaq, su problemi artıq özünü yeni üzü ilə göstərir," su eksperti bildirib.

Müstəfəvi xüsusi olaraq Urmiyə gölü ətrafında yaşayan əhalinin xərçəng səbəbilə öldüyünü önə çəkib.

SEE ALSO: İran qəzetində redaksiya məqaləsi Urmiyə gölünə su təchizatının yubadılmasını işıqlandırdı

Onun sözlərinə görə, "ekoloji hesabatlar və əhali arasında hazırlanmış reportajlara əsasən, Urmiyə gölünə yaxın bir kənddə, bu keçən 10 il ərzində əhalinin haradasa 25 faizi xərçəng üzündən həyatını itirib. Bu bizim yanlış idarəetməmizin nəticəsidir. Yəni, 200 min hektar əkin ərazisini 600 hektara çatdırıb, əkin modelini üzümdən alma, şaftalı, qovun-qarpız və şəkər çuğunduruna dəyişdirib, sonra da fəxrlə deyirik ki, biz şəkər çuğunduru əkinini artırmışıq. Hansı qiymətə? Urmiyə gölünün quruması və ölkənin 6 gözəl vilayətinin məhv olması və mühacirətə səbəb olma qiymətinə."

Enerji Nazirliyinin yerlatı suların bərpası üzrə sabiq icraçı müdiri Şərq qəzetinə müsahibədə həmçinin Urmiyə gölü ətrafında yaşanan ekoloji fəlakətin Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətləri ilə birlikdə Ərdəbil, Qəzvin və Zəncan vilayətləri, eləcə də Tehranın bəzi bölgələrinə də fəsadlar gətirəcəyini ifadə edib.