Həbsdə olan Qubad İbadoğlunun hüquqlarının pozulması ilə bağlı müraciətə ombudsman cavab verib

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Ədliyyə Nazirliyinin tabeliyində olan qurumlar (Penitensiar Xidmət, Tibb Baş İdarəsi, Bakı İstintaq Təcridxanası) tərəfindən pozulan hüquqları ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.

Müraciətdə Qubad İbadoğlunun təqsirləndirilən şəxs kimi pozulan hüquqlarının bərpası xahiş edilir.

“Vəkillərlə telefon əlaqəsinə qadağa qoyulub, ailəsi ilə canlı, üzbəüz görüşünə imkan verilmir, gündə 2 saatdan az olmayaraq gəzinti hüququ təmin olunmur, ailəsinin vəsaiti hesabına alternativ müayinə hüququnun həyata keçirilməsinə imkan verilmir, xaricdə yaşayan övladları ilə texniki vasitələrdən istifadə etməklə görüntülü danışıq imkanı yaradılmır, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşlarının qardaşımı ziyarət etməsinə, nümayəndəliyin həkiminin müayinə aparmasına qadağa qoyulub, qardaşımın qanunvericiliklə müəyyən edilmiş qaydada ailəsindən başqa istədiyi şəxslə görüşmək hüququ məhdudlaşdırılıb, kitab qəbuluna qadağa qoyulub, qeydlər aparmaq üçün yazı ləvazimatlarının qəbuluna icazə verilmir”, müraciətdə qeyd edilir.

Qalib Toğrul Amerikanın Səsinə deyib ki, qardaşının səhhəti ağırlaşmaqda davam edir.

“Bu gün vəkil Şəhla Hümbətova qardaşımla görüşüb. O dedi ki, Qubad müəllim çox çətinliklə ayağa qalxır. O yeriyəndə çətinliklər müşahidə olunur, axsayır. Yəni hərəkət qabiliyyətinin məhdud olduğu tam müşahidə olunur”, o qeyd edib.

Onun dediyinə görə, Qubad İbadoğlu maqnit rezonans tomoqrafiyasından keçirildikdən sonra məlum olub ki, onun onurğasının bir neçə seqmentində problemlər yaranıb.

“Bundan başqa Qubad bəyin ürəyindəki problemlər davam edir. Onda şəkərlə bağlı probelmlər isə bizi çox narahat edir. Oktyabrın 6-da endokrinoloq Qubad müəllimə insulin göstərişi verib. İlk anda 12 vahid insulin vurulurdusa, sonra onu 18 vahidə qədər artırdılar. İndi isə 22 vahidə qaldırıblar. Buna baxmayaraq, qanda şəkərin səviyyəsi aşağı düşmür”, o qeyd edib.

Qalib Toğrulun ombudsamana müraciəti ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda Ombudsman Aparatı bildirib ki, Qalib Bayramov (Toğrul) və Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqovanın ombudsmana müraciətləri olub.

“İcraat çərçivəsində müraciətlər üzrə daimi köməklik göstərilib və aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Eləcə də Qalib Bayramovun müraciəti Baş Prokurorluq qarşısında qaldırılıb. Nəticəsi barədə də müraciət müəllifinə məlumat veriləcək. Həmçinin ombudsmanın milli preventiv mexanizmi fəaliyyəti çərçivəsində Qalib Bayramovun qardaşı Qubad İbadoğlu bir neçə dəfə qəbul olunub, müraciətləri araşdırılıb. Eyni zamanda Qubad İbadoğlunun saxlanma şəraiti, habelə mediada müzakirə olunan tibbi sənədlərlə bağlı məsələ də fəaliyyətimiz çərçivəsində araşdırılıb. Həmin tibbi sənədlər onun vəkili Zibeydə Sadıqovaya təqdim olunmaqla müraciət təmin olunub”, Ombudsman Aparatından bildiriblər.

Öz növbəsində Penitensiar Xidmətdən şərh almaq hələ mümkün olmayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.