Accessibility links

Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda insan hüquqları ətrafında müzakirə aparıb


Coşua Hak Azərbaycanda insan hüquqları ilə bağlı görüşdə (Mənbə: ABŞ səfirliyi)
Coşua Hak Azərbaycanda insan hüquqları ilə bağlı görüşdə (Mənbə: ABŞ səfirliyi)

Oktyabrın 20-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ABŞ-ın Azərbaycandakı səfirliyində hüquq müdafiəçiləri və insan hüquqları sahəsində ixtisaslaşan vəkillərlə görüşüb.

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, saat yarım davam edən görüşdə Səfərovla yanaşı, vəkillər Şəhla Hümbətova, Elçin Sadıqov və Zibeydə Sadıqova iştirak edib.

Səfərov bildirib ki, görüşdə Azərbaycanda insan hüquqlarının durumu ətrafında fikir mübadiləsi aparılıb.

“Biz siyasi məhbus probleminə toxunduq, repressiv tədbirlərin getdikcə sıxlaşması barədə narahatlığımızı bildirdik. Vəkillər müdafiə etdikləri ayrı-ayrı siyasi məhbusların məsələsini qaldırdı. Mən təəssüflə bildirim ki, Azərbaycanda artıq siyasətlə, media ilə məşğul olmaq icazəlidir”.

Hüquq müdafiəçisi deyib ki, dövlət katibinin köməkçisinin müavinin səfərinin həssas bir dövrə təsadüf etdiyini onun diqqətinə çatdırıb.

“Dedim ki, Azərbaycan Qarabağda ərazi bütövlüyünü, suverenlyini bərpa etdiyi bir dövrdə səfər edib. Əlbəttə, Azərbaycan işğal altındakı ərazilərimizi qaytarmalı idi. Bu mənada Azərbaycan hakimiyyətinin hərbi siyasəti haqlıdır. Amma, təəssüf ki, paralel olaraq ölkədə daxildə tənqidçi dairələrə, müxalifətə qarşı repressiya dalğası sıxlaşıb. Ölkədə siyasət, media və digər qurumlar icazəli mahiyyət daşıyır”, o qeyd edib.

Hüquq müdafiəçisi deyib ki, müzakirələr zamanı Dövlət Departamentinin dünya üzrə vicdan məhbusları ilə bağlı dərc edilən illik siyahısına Azərbaycandan olan daha çox vicdan məhbusunun adının salınması təklif edilib.

“Məsələn, ötən il bu siyahıya Azərbaycandan hüquq müdafiəçisi Elçin Məmmədin adı salınmışdı. Bu siyahıya Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərindən bir neçəsinin adını salmaqla azı azadlıqlarına nail olmaq olar”.

Onun sözlərinə görə, Coşua Hak Azərbaycan rəsmiləri ilə görüşlərində insan hüquqları ilə bağlı deyilənlər ətrafında məsələ qaldıracağına vəd verib.

ABŞ səfirliyi isə bildirir ki, Dövlət katibinin köməkçisinin müavini Coşua Hak azərbaycanlıların fundamental azadlıqlarını müdafiə edən hüquqşünaslar və insan haqları müdafiəçiləri ilə söhbət edib.

“Dövlət katibinin köməkçisinin müavini ABŞ-ın yaxından izlədiyi Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin işləri ilə bağlı yeni məlumatları alıb”, ABŞ səfirliyi qeyd edib.

Forum

XS
SM
MD
LG