Şarl Mişel: Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında vasitəçiliyi davam etdirmək əzmindəyik

Şarl Mişel, Avropa İttifaqı Şurasının prezidenti

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi istiqamətində dəstəyini davam etdirmək əzmindədir.

İttifaqın dövlət və hökumət başçıları 26-27 oktyabr tarixlərində baş tutan sammitdə Cənubi Qafqazda vəziyyəti müzakirə edərək, Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə dəstəklərini ifadə ediblər.

“Biz Cənubi Qafqazda vəziyyətlə bağlı strateji fikir mübadiləsi apardıq. Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan normallaşma prosesinə geri dönülməsi üçün fəaliyyətimizi davam etdirmək əzmindəyik”, Aİ Şurasının prezidenti Şarl Mişel toplantıdan sonra mətbuata açıqlamasında deyib.

Sammitin yekunlarına dair sənəddə Avropa İttifaqı Şurasının suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə dəstəyi vurğulanır.

“Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri prosesə xoş məramla yanaşmağa və ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, sənəddə qeyd edilir.

Aİ həmçinin Qarabağ ermənilərinin, o cümlədən öz evlərinə qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Sammitdən sonra mətbuata danışan Fransa prezidenti Emmanuel Makron iki ölkə arasında vasitəçilik səylərini davam etdirmək niyyətində olduqlarını, ancaq hazırkı vəziyyətin narahatlıq doğurduğunu qeyd edib. Makron Ermənistana, xüsusən də onun ərazi bütövlüyünə dair aydın və birmənalı dəstəyin vacib olduğunu qeyd edib.

“Prezident Əliyevin son bəyanatları və göndərilən siqnallar doğru istiqamətə uyğun gəlmir. Praqa bəyannaməsində tanındığı və təsdiqləndiyi kimi, biz 1991-ci ildəki sərhədlərə bütün tərəflər tərəfindən hörmət edilməsini təmin etmək üçün ayıq-sayıq olacağıq”, Makron əlavə edib

SEE ALSO: Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonuna planlaşdırılan görüşü baş tutmayacaq

Azərbaycan və Ermənistan liderlərinin oktyabr ayının sonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşməsi planlaşdırılsa da, görüş baş tutmayıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səbəb kimi vaxt çatışmazlığını göstərib və liderlərin yaxın zamanda yenidən görüşməsi üçün Azərbaycan və Ermənistanla məsləhətləşmələr aparıldığını qeyd edib.
“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticədə sənəd imzalanacaq”, Klaar əlavə edib.

Digər tərəfdən, oktyabrın 27-si Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində qərəzsiz və neytral vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

"Gürcüstan iki ölkənin qərəzsiz, bitərəf, qərəzsiz dostu kimi regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Biz, ölkəmiz və mən hökumət başçısı kimi bu işdə iştirak etməyə hazırıq”, Qaribaşvili Tbilisidə Azərbaycanın baş naziri Əli Əsədovla keçirdiyi brifinqdə bildirib.

Cümə günü Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş baş tutub. İrakli Qaribaşvilinin vasitəçiliyi ilə keçirilən görüş Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.

Rəsmi Bakı görüş barədə məlumat yaymasa da, Armenpress xəbər agentliyi Nikol Paşinyanın ofisinə istinadən yazıb ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair müxtəlif məsələlər ətrafında müzakirə aparıblar.

“Erməni tərəfi Azərbaycan Baş naziri ilə təması tərəflərin ən azından bir neçə məsələ ilə bağlı mövqelərindəki nüansların aydınlaşdırılması baxımından faydalı hesab edir”, məlumatda qeyd edilib.