Peyman İbrahimi müvəqqəti azadlığa buraxılıb

Avqust ayının 26-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Peyman İbrahimi oktyabrın 25-də Təbriz Mərkəzi Həbsxanasından zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Təbriz sakini olan türk fəal və ənənəvi Azərbaycan rəqs müəllimi Peyman ibrahimi təqribən 2 ay müddətinə Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, İbrahimi 300 milyon tümənlik girov müqabilində məhkəmənin son qərarına qədər sərbəst buraxılıb.

Güneyli fəalın zaminə buraxılmasına baxmayraq, hələ ki, ona qarşı irəli sürülən ittihamlar barəsində məlumat yoxdur.

O, saxlanıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən ağır şiddətə məruz qalıb. Təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirildiyi zaman vəkillə təmin edilməyib və ailəsi ilə əlaqə saxlamasına yol verilməyib.

Peyman İbrahimi tanınmış incəsənət xadimi Aşıq Qafar İbrahiminin oğludur.