Accessibility links

Təbrizdə tutulan mədəni fəal Peyman İbrahimi Sepahın təcridxanasında saxlanılır


Peyman İbrahimi
Peyman İbrahimi

Təqribən bir həftə əvvəl Təbrizdə nəzarət altına alınan mədəni fəal və rəqs müəllimi Peyman İbrahiminin İranın İnqilab Qvardiyasının (Sepah) kəşfiyyat şöbəsində saxlanıldığı bildirilir.

Hüquq müdafiəçilərininin bildirdiyinə görə, İbrahimi avqust ayının 26-da səhər saatlarında evinə hücum edən mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Fəalın yaxınları onun ertəsi gün evə telefon edərək Sepahın kəşfiyat şöbəsinin təcridxanasında saxlanıldığını söylədiyini bildiriblər.

"Avqustun 26-da səhər saatlarında bir neçə mülki geyimli məmur evə girib, Peymanı şiddətlə döyüb və tutublar. Qonşular bağırtı səsləri ilə olaydan xəbərdar olub və ailəyə məlumat veriblər. Peyman həbsinin ikinci günü 10 saniyəlik telefon edərək Sepahın kəşfiyyatında olduğunu xəbər verib" - deyə, fəalın bacısı Hacər İbrahimi Amerikanın Səsinə məlumat verib.

Hacər İbrahiminin bildirdiyinə görə, Peyman İbrahiminin işinə Təbriz prokurorluğunun 15-ci şöbəsində baxılır, ancaq prokurorluk onun vəkillə təmin olunmasına imkan vermir. Fəalın hansı ittihamlar səbəbilə saxlanıldığına dair məlumat verilməyib.

34 yaşlı Peyman İbrahimi evli və Laçın adlı bir qız uşağının atasıdır.

Bacısının verdiyi məlumata görə, kəşfiyyat qurumu təqribən 1 ay əvvəldən Peyman İbrahimiyə telefon edərək onu şöbəyə çağırırmış, ancaq o, yazılı çağırış olmadan kəşfiyyat şöbəsinə getməyəcəyini bildirmişdi.

Forum

XS
SM
MD
LG