Accessibility links

Həbsdə olan rəqs müəllimi Peyman İbrahiminin ziyarətinə qadağa qoyulub


Peyman İbrahimi
Peyman İbrahimi

Təbrizdə azərbaycan ənənəvi rəqs müəllimi Peyman İbrahiminin həbsindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun ziyarətinə qadağa qoyulub və ailəsi ilə görüşə icazə verilmir.

İran Azərbaycanının xəbərlərini yayımlayan AZOH Telegram kanalı milli fəalın bacısı Həcər İbrahimiyə istinadən yazıb ki, onun işinin hakiminin qərarı ilə hər hansı əlaqə və görüş qadağan edilib və yaxın bir neçə gün ərzində Peyman İbrahimi, Təbriz Mərkəzi Həbsxanasından dindirilmək üçün kəşfiyyat idarəsinin təcridxanasına qaytarılacaq.

Həmçinin həmin xəbərdə qeyd olunub ki, məhkəmə səlahiyyətliləri milli fəalın ailəsinə onun vəziyyəti ilə bağlı xəbərlərin mediada yayılmadığı halda, 300 milyon tümən girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılacağını vəd etmişdilər.

İbrahiminin ailəsi onun müvəqqəti azadlığa buraxılması üçün mülki zəmanət məbləğini təmin edərək məhkəməyə müraciət etsə də, hakimin mənfi cavabı ilə üzləşib.

Ötən həftə, çərşənbə günü, sentyabrın 6-da, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında bir həftədən çox dindirildikdən sonra o, Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülüb.

Ənənəvi Azərbaycan rəqs müəllimi və mədəni fəal Peyman İbrahiminin tutulmasından iki həftə keçməsinə rəğmən, indiyədək ailəsi ilə görüşü olmayıb və bu vəziyyət, ailəsi və yaxınlarının onun səhhəti ilə bağlı narahatlığını xeyli artırıb.

Peyman İbrahiminin avqustun 26-da atasının evində kəşfiyyat agentlərinin evə reydi nəticəsində həbs edildiyi bildirilir. Təhlükəsizlik agentlərinin onu həbs edərkən döydüyü bildirilir.

O, tanınmış incəsənət xadimi Aşıq Qafar İbrahiminin oğludur.

Forum

XS
SM
MD
LG