Oktyabrın 19-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsi imzalanıb.
Bu barədə Azərbaycan Ali Məhkəməsinin məlumatında deyilir.
Azərbaycan Alİ Məhkəməsinin sədri İnam Kərimov bildirib ki, hazırda dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlər və onların məhkəmə sistemləri qarşısında yeni çağırışlar meydana gəlib.
“Bu çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi zamanın tələbidir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsi vacibdir”, o qeyd edib.
Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün faydalı olacağına əminliyini vurğulayıb.
Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev qeyd edib ki, konfrans məhkəmə işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin və məhkəmə inzibatçılığının səmərəliliyinin təmin edilməsi və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilməlidir.
“Konfrans əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcəkdir”, o deyib.
Özbəkistan, Qırğızıstan və Şimali Kiprin Ali Məhkəmələrinin rəhbərləri də konfransın yaradılmasını dəstəkləyib və faydalı olacağını bildirib.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sədi Cəfərov isə bildirib ki, təsis edilən yeni əməkdaşlıq formatı türk ölkələri arasında müvafiq sahədə qabaqcıl təcrübə mübadiləsini təmin edəcək, müxtəlif müştərək layihələrin həyata keçirilməsinə, eləcə də birgə təlim proqramlarının həyata keçirilməsinə zəmin yaradacaq.
Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Macarıstan, Türkmənistan və Şimali Kipr müşahidəçi üzvlərdir.