Mahmud Bilgin: Təbrizdə saxlanılan fəalların nəzarət müddəti saxta etiraf almaq üçün uzadılır

Mahmud Bilgin

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə həftələrdir Təbrizdə nəzarətdə saxlanılan və İranın kəşfiyyat qurumu tərəfindən sorğu-sual edilən siyasi fəalların vəziyyəti haqqında danışıb.

Peyman İbrahimi, Murtuz Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Seyyid Məhəmmədrza Muvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi və İbrahim Əvəzzadə kimi fəalların nəzarət müddəti həftələr öncə saxlanıldıqdan bəri bir neçə dəfə uzadılıb.

Your browser doesn’t support HTML5

Mahmud Bilgin: Təbrizdə saxlanılan fəalların nəzarət müddəti saxta etiraf almaq üçün uzadılır

Mahmud Bilgin bu fəalların bir çoxunun "milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olma" ittihamı ilə qarşılaşdığını bildirir.

"Ettelaat niyə saxlayır bunları? Təbii ki, burada bir amac var. Hədəf budur ki, bunlardan saxta etiraf alalar ki, yalandan da olsa bir dosye düzəltsinlər ki, bu fəallar qəbul etsin ki, bir toplaşma olub və bundan hədəf bu imiş ki, təhlükəsizliyi pozsunlar," Bilgin söyləyir.

O, həmin fəalların nəzarət altına alındığı günlərdəki siyasi vəziyyətə diqqət çəkərək deyir ki, "2022 ilinin sentyabr ayındakı çox geniş etirazların ildönümü ərəfəsində vəziyyət sadəcə güneydə deyil, bütün İranda iltihablı idi və rejim özəlliklə Güney Azərbaycana ki, Urmiyə gölü də gündəmdə idi çox həssas idi. Ona görə, milli fəallarımızı çox diqqətlə nəzər altına almışdılar. Bu əsasda rejim sentyabrın başlarında başladı milli fəalları tutmağa. Əlbəttə, çox sayda fəala da telefon etmişdilər".

SEE ALSO: Şahin Xiyavlı: Təbrizdə uzun müddət nəzarətdə saxlanılan fəallar adətən işgəncəyə məruz qalırlar

Bilgin fəalların tutulma, nəzarətdə saxlanma və sorğu-sual prosesində əziyyətlərə məruz qaldıqlarını deyir:

"Bu həbslərdə də çox alçaqcasına ya iş yerlərindən oğurlayırlar, ya bütün əşyalarını aparırlar. Ailələr bilmir bunlar haradadır. Bir aydan çox ailələrinə xəbər vermirlər. Dəyişik işgəncələrə məruz qalırlar."

Bilgin hesab edir ki, kəşfiyyat qurumunun əlində fəallara qarşı irəli sürülən ittihamlarla əlaqədar heç bir fakt olmadığı üçün onlardan saxta etiraf almağa çalışırlar.

SEE ALSO: Milli fəal İbrahim Əvəzzadə İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilib

Onun dediklərinə görə, "Ettelaatda saxlanma müddətini uzadırlar ki, güya, fəallar hələ danışmayıb və bilgi vermirlər. Onlar da hökm çıxarıb və fəalları zindana göndərə bilmir... təcürbə bunu göstərir ki, əgər bu fəalların doğrudan da toplaşmaları olsaydı, yığıncaqları olsaydı və bir iş görmüş olsaydılar və kəşfiyyat qurumunun əlində də fakt olsaydı, elə bir neçə həftə içində təhqiqatı bitirib bunları həbsə göndərərdilər. Amma nəzarət müddətini uzatmaları göstərir ki, kəşfiyyat qurumunun əlində fakt yoxdur. Buna görə, basqı gətirirlər ki, bir şeylər etiraf etdirələr. Rejimin əsas hədəfi budur ki, bunların şəxsiyyətini sındıra ki, bunlar toplumun gözündə kiçilsinlər".