Avropa Şurası Parlament Assambleyası (AŞPA) Osman Kavalanı dərhal azad etməyə, Türkiyə hakimiyyətinin buna əməl etməyəcəyi halda sanksiyaların tətbiq edilməsinə çağıran qətnamə qəbul edib.
Avstriyadan olan məruzəçi Petra Bayrın hesabatına əsaslanan qətnamədə AŞPA Türkiyə hakimiyyətinin “Avropa Məhkəməsinin açıq-aydın hökmünə baxmayaraq”, indiyədək hüquq müdafiəçisini azad etməməsindən təəssüfləndiyini ifadə edib.
“Türkiyə hakimiyyətinin bu hökmü icra etməkdən davamlı imtina etməsi təkcə Osman Kavala və ailəsinin şəxsi faciəsi deyil, həm də Türkiyədə qanunun aliliyi və ədalətin faciəsidir”, hesabatla bağlı müzakirələrdə parlamentarlar qeyd edib.
Qətnamədə Türkiyənin qanunun aliliyini qorumaq, məhkəmə müstəqilliyini təmin etmək, habelə Avropa Məhkəməsinin qərarlarına riayət etmək üçün məhkəmə-hüquq sistemində islahatlar aparmalı olduğu, Avropa Şurasının təcrübəsindən istifadə etməklə sistemli uğursuzluqların aradan qaldırılmasının zəruriliyini vurğulanır.
Assambleya həmçinin Avropa Şurasına üzv dövlətləri, Avropa İttifaqını Osman Kavalanın dərhal azadlığa buraxılması üçün Türkiyə hakimiyyət orqanları ilə ən yüksək səviyyədə əlaqə saxlamağa çağırır. Türkiyənin Osman Kavalanı azad etməzsə, AŞPA onun ədalətsiz və əsassız həbsinə görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən prokurorlara və hakimlərə qarşı sanksiyaların tətbiqi üçün “Maqnitski qanunvericiliyi” kimi hüquqi tədbirlərdən istifadə etməyi tövsiyə edib.
SEE ALSO: Osman Kavala Vaslav Havel mükafatına layiq görülübParisdə anadan olmuş iş adamı, xeyriyyəçi və insan hüquqları müdafiəçisi Osman Kavala 2013-cü ildə “Gezi parkı” küçə etirazlarını maliyyələşdirmə və hökuməti devirməyə cəhd ittihamı ilə 2017-ci ildə həbs edilib. 2022-ci ilin aprel ayında ömürlük həbs cəzasına məhkum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2019-cu ildə çıxardığı qərarında Kavalanın həbsinin “onu bir insan hüquqları müdafiəçisi kimi susdurmaq” cəhdi olduğunu qeyd edib və Türkiyə dövlətini onu dərhal azadlığa buraxmağa çağırıb. Türkiyə məhkəmə qərarını icra etmədiyi üçün 2022-ci ildə Məhkəmənin Böyük Palatası Türkiyənin Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirmədiyini təsdiqləyib.
Osman Kavala oktyabrın 9-u AŞPA-nın insan hüquqlarının müdafiəsinə görə hər il təqdim etdiyi Vaslav Havel mükafatına layiq görülüb. Kavala həbsxanadan ünvanladığı məktubunda mükafatı “qanunsuz həbsxanada saxlanılan həmvətənlərinə” həsr etdiyini qeyd edib.