Həbsdə olan türkiyəli insan hüquqları müdafiəçisi Osman Kavala Avropa Şurası Parlament Assambleyasının insan hüquqlarının müdafiəsi sahəsində hər il təqdim etdiyi Vaslav Havel mükafatına layiq görülüb.
Oktyabrın 9-u Strasburqda, AŞPA-nın payız sessiyası çərçivəsində baş tutan mərasimdə mükafat Kavalanın xanımı Ayşe Buğra Kavalaya təqdim edilib.
Ayşe Buğra Kavala mərasimdə çıxış edərək Osman Kavalanın həbsxanadan yazdığı məktubu oxuyub.
Osman Kavala mükafatı “qanunsuz həbsxanada saxlanılan həmvətənlərinə” həsr etdiyini qeyd edib.
“Mən inanıram ki, Türkiyədə çox da uzaq olmayan gələcəkdə qanunun aliliyinin mövcud olduğu həqiqi demokratiya olacaq. Türkiyədə belə bir inkişaf bölgəmizdə demokratiyaya doğru dinamikanı da dəstəkləyə bilər”, Kavala məktubunda yazıb.
Parisdə anadan olmuş iş adamı, xeyriyyəçi və insan hüquqları müdafiəçisi Osman Kavala 2013-cü ildə “Gezi parkı” küçə etirazlarını maliyyələşdirmə və hökuməti devirməyə cəhd ittihamı ilə 2017-ci ildə həbs edilib. 2022-ci ilin aprel ayında ömürlük həbs cəzasına məhkum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2019-cu ildə çıxardığı qərarında Kavalanın həbsinin “onu bir insan hüquqları müdafiəçisi kimi susdurmaq” cəhdi olduğunu qeyd edib və Türkiyə dövlətini onu dərhal azadlığa buraxmağa çağırıb. Türkiyə məhkəmə qərarını icra etmədiyi üçün 2022-ci ildə Məhkəmənin Böyük Palatası Türkiyənin Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirmədiyini təsdiqləyib.
AŞPA bu həftə keçirilən payız sessiyasında cümə axşamı “Osman Kavalanın dərhal azadlığa buraxılmasına çağırış” başlıqlı müzakirə keçirəcək və qətnamə layihəsinə səs verəcək.
Vaslav Havel mükafatı 2013-cü ildən bəri AŞPA tərəfindən hər il insan hüquqlarının müdafiəsində əlamətdar işlər görmüş şəxslərə və ya təşkilatlara verilir. Ötən il mükafat rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzaya təqdim edilib. Azərbaycanlı insan hüquqları müdafiəçisi Anar Məmmədli, Nobel Sülh mükafatı laureatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski bugünədək bu mükafata layig görülmüş şəxslər arasındadır.
Forum