Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın Qarabağda son hərbi əməliyyatını pisləyən, Qarabağ ermənilərinin geri qayıda bilmələri üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağıran qətnamə qəbul edib.
Oktyabrın 12-si AŞPA-nın Xorvatiyadan olan məruzəçisi Domaqoy Haydukoviçin “Dağlıq Qarabağda humanitar vəziyyət” başlıqlı hesabatı ətrafında gedən müzakirələr zamanı parlamentarlar Azərbaycanın ərazi bütövlüyü tanıdıqlarını, bu kontekstdə Azərbaycanın öz ərazilərində yaşayan erməni əhalinin təhlükəsizliyini təmin etməli olduğunu ifadə ediblər.
Azərbaycan hökumətinin Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı atdığı addımları “qeyd etdiyini” deyən AŞPA, uzun müddətdir davam edən faciəvi münaqişənin yalnız sülh və dialoq yolu ilə, orada yaşayan hər kəsin insan hüquqlarına tam hörmətlə həll oluna biləcəyinə qətiyyətlə inandığını vurğulayıb.
“Avropa Şurası üzvü kimi Azərbaycan bu çətin zamanda qorxuları sakitləşdirmək istəyini və insan hüquqları üzrə beynəlxalq öhdəliklərini, o cümlədən Avropa Şurasının əsas dəyərlərinə sadiqliyini aydın şəkildə tərəfdar nümayiş etdirə bilər və etdirməlidir”, qətnamədə qeyd edilir.
Qətnamənin qəbulundan sonra Amerikanın Səsinə danışan məruzəçi Domaqoy Haydukoviç bildirib ki, hesabatın məqsədi münaqişənin həllində bütün tərəflərə kömək olmaqdır.
“Heç kim Azərbaycanın ərazi bütövlüyünə meydan oxumur. Biz deyirik ki, ərazi bütövlüyü həm də orada yaşayan insanların hüquqlarının qorunması ilə bağlı məsuliyyətləri özündə daşıyır. Mən öz şəxsi təcrübəmdən, öz ölkəmin təcrübəsindən deyə bilərəm ki, bizdə də oxşar hərbi əməliyyat, kütləvi köç olub, daha sonra dinc reinteqrasiya baş verib. Bu, uzun və çətin prosesdir və prosesin uğurla nəticələnməsi hər iki tərəfdən istək və səmimiyyət tələb edir. Ümid edirəm bu hesabat bu istiqamətdə ilk addım kimi qiymətləndiriləcək”, Haydukoviç vurğulayıb.
30 illik münaqişə nəticəsində yaraların dərin olduğunu bildirən Məruzəçi, buna baxmayaraq Avropa Şurasının münaqişələrin həlli sahəsində olan təcrübəsi və səriştəsinin bu münaqişənin həllində də ciddi rol oynaya biləcəyini deyib.
100 mindən artıq erməni əhalinin Qarabağı tərk etməsindən təəssüfünü ifadə edən Assambleya, "bunun etnik təmizləməyə bərabər ola biləcəyi ilə bağlı ittihamlara və əsaslı şübhələrə" gətirib çıxardığını bildirib və üzv ölkələri köçkünlərin problemlərinin həlli üçün Ermənistana yardım və dəstək olmağa çağırıb.
AŞPA Cənubi Qafqaz sülh və sabitliyə nail olunması üçün Azərbaycan və Ermənistanı bir-birinin ərazi bütövlüyünə və suverenliyinə, habelə sərhədlərinin toxunulmazlığına tam hörmətlə yanaşmağa çağırıb, 1991-ci il Almatı Bəyannaməsi əsasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə dəstəyini ifadə edib. Sənəddə həmçinin regional əməkdaşlığın inkişafı üçün regional nəqliyyat əlaqələrinin açılmasının vacibliyi vurğulanıb.
Birləşmiş Miillətlər Təşkilatının (BMT) missiyasının Qarabağa səfərinin təşkil edilməsini alqışlayan AŞPA, Azərbaycan hakimiyyətini Avropa Şurasının müvafiq orqanlarının müşahidə aparmaq üçün bölgəyə girişinə imkan yaradılması üçün çağırış edib.
Assambleya Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq region ermənilərinin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində artıq görülmüş və planlaşdırılan tədbirlər haqqında ətraflı məlumat verməyə çağırıb.
Sənəddə qeyd edilir ki, Azərbaycan məsələ ilə bağlı bu qətnamədən irəli gələn, habelə digər beynəlxalq öhdəliklərinə əməl etməyəcəyi təqdirdə AŞPA Nazirlər Komitəsi ilə birgə Azərbaycanın quruma üzvülüyünün dayandırılması ilə bağlı məsələ qaldırmaqdan başqa yolu qalmayacaq.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun hesabata əlavə olunan rəyində qeyd edir ki, hesabat və xüsusilə qətnamə layihəsi hadisələri birtərəfli təqdim edir, əsassız iddiaları təkrarlayır, Azərbaycanın Qarabağın erməni sakinlərinin reinteqrasiyası, regiondakı vəziyyətin sabitləşdirilməsi üçün atdığı addımları gözardı edir. Səməd Seyidov həmçinin Azərbaycanın "antiterror tədbirləri"nin məqsədinin öz suveren ərazisində qanunsuz hərbi hədəfləri zərərsizləşdirmək olduğunu vurğulayıb.
“Azərbaycanın məqsədi Ermənistanla dövlətlərarası münasibətlərin normallaşmasına nail olmaq, azərbaycanlılarla ermənilərin sülh, ləyaqət və qarşılıqlı hörmət şəraitində yanaşı yaşamalarını təmin etməkdir. Artıq bir çox erməni sakinləri geri qayıtmaq və Azərbaycan vətəndaşı kimi yaşamaq istəklərini bildirirlər və Azərbaycan bunu alqışlayır və ardıcıl səyləri ilə onların könüllü qayıtmalarına şərait yaratmağa çalışır”, Səmədov əlavə edib.
AŞPA deputatlarından 54-ü qətnamə layihəsinin lehinə, 18 əleyhinə səs verib. 5 deputat isə bitərəf qalıb.