Oktyabrın 13-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi (Bakıdan 308 kilometr cənub-qərb) ərazisində iki avtomobil - "Qazel" və "Kamaz" markalı yük avtomobilləri tank əleyhinə minaya düşüb. Nəticədə mülki şəxslər - "Qazel"in sürücüsü Famil Əbilov həlak olub, "KAMAZ"ın sürücüsü Namaz Bayramov yaralanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Rəsmi məlumatlara görə, 2020-ci ilin noyabrın 10-dan indiyədək 333 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 65 nəfəri ölüb, 268 nəfəri yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlər azad edilmiş ərazilərdə yüz minlərlə mina və ya partlamamış hərbi sursat olduğunu guman edir.
ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2020-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda minatəmizləməyə 8 milyon avroluq dəstək verib.