Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilib.
İclasda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Rusiya Təhlükəsizlik Xidmətininin direktoru, MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayev, Qırğızıstan Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizov, Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimov və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyev iştirak edib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyini, bəzi ölkələrdə yeni münaqişə ocaqlarının yarandığını, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının artdığını və bu vəziyyətin ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd edib.
Əli Nağıyev iclasın gündəliyində həlli vacib məsələlərin durduğunu, tədbir çərçivəsində dövlətlərin təhlükəsizliyi baxımından mühüm qərarların qəbul ediləcəyinə, ümumilikdə iclasın məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.
Sonra iclas birlik ölkələrinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səylər birləşdirilməklə birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam edib, yekun sənədlərin imzalanması ilə başa çatıb.