Azərbaycan Hava Yolları İsrailə uçuşları bərpa edir

AZAL Şirkəti (rəsmi foto)

Oktyabrın 10-dan Azərbaycan Hava Yolları QSC (AZAL) Təl-Əvivə və əks istiqamətdə uçuşları bərpa edəcək. Bu barədə AZAL-ın məlumatında deyilir.

Məlumatda deyilir ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olarsa, sərnişinlər dərhal məlumatlandırılacaq. Əlavə məlumat üçün sərnişinlərdən “Azərbaycan Hava Yolları” QSC-nin callcenter@azal.az elektron ünvanı ilə əlaqə saxlamaları tövsiyə olunur.

AZAL İsraildə baş verən son hadisələrlə əlaqədar oktyabrın 8-də Təl-Əvivə və əks istiqamətdə uçuşları ləğv edib.

Eyni zamanda müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib. Bu barədə onun meneceri Amerikanın Səsinə bildirib.

İsraildə konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçi və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.