Oktyabrın 6-da Tərtər sakini minaya düşərək həlak olub.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Araşdırma aparılır.
Nazirliyin digər məlumata görə, oktyabrın 5-də azad edilmiş ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Bu arada Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb ki, ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.
“Sentyabrın 18-dən 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bundan əlavə, 379,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”, məlumatda qeyd edilir.
Rəsmi məlumatlara görə, 2020-ci ili noyabrın 10-dan indiyədək 319 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 64 nəfəri ölüb, 255 nəfəri yaralanıb.