Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan rəhbərləri ilə qarşılıqlı fəaliyyətdə rol oynamaqda davam edəcək

ABŞ Dövlət Departamenti

ABŞ layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyilə ən yüksək səviyyədə qarşılıqlı fəaliyyətdə rol oynamaqda davam edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel oktyabrın 3-də ənənəvi birifinqdə Turan Agentliyinin sualının cavabında bildirib.

"Siz də gördünüz ki, biz ötən həftə ərzində və sonra Dağlıq Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına çağırışımızı təkrarladıq. Məqsəd etnik ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına dair şəffaflığı və əminliyi təmin etməkdir”, Patel deyib.

Oktyabrın 3-də Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq barədə qərar qəbul edib.

Bununla bağlı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Turanın müxbirinin sualını cavablandırıb.

"Biz hər bir ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq hüququna hörmətlə yanaşırıq və Ermənistan da daxil olmaqla, ədalətin təminatı üzrə öhdəlik götürmüş, soyqırıma, müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət götürmüş bir çox dövləti təqdir edirik", Patel deyib.

Rusiyanın Qarabağ regionunda hərbi iştirakı barədə sualın cavabında Patel "keçən ay sülhməramlıların məhsuldar rol oynamaması" ilə bağlı Dövlət Departamentinin ilkin qiymətləndirməsini təkrarlayıb.

"Belə iştirak əvvəlkitək narahatlıq doğurur", o, deyib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Ötən həftəsonu Qarabağa səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.