Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə Bakıda "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HDQ komandanı Sübhan Bəkirov Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.
Oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.
Siyasi şərhçi Aqşin Kərimov Amerikanın Səsinə bildirib ki, Azərbaycanla Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlimlərin xarakteri texniki olaraq ikitərəfli hərbi əməkdaşlıq ruhundan irəli gəlsə də, bunun regional və geosiyasi siqnallarına da toxunmaq lazımdır.
“Birinci olaraq, Azərbaycan Cənubi Qafqaz dövlətləri içərisində regionla Mərkəzi Asiya arasındakı bağlantıları bərkidir və onun iqtisadi-siyasi, hərbi əsaslarını formalaşdırır. Bu, Türkiyənin dəstəyi ilə reallaşır, prosesin bu nöqtəsində Azərbaycana ABŞ, Böyük Britaniya və İsrail də stimul verir. Bu məsələ Xəzər dənizinin təhlükəsizliyi, strateji obyektlərin qorunması baxımından məxsusi bəndləri möhkəmləndirən təşviqlərin məcmusu kimi diqqətə çarpır. Çünki Xəzər dənizindəki zəngin təbii sərvətlər regiondakı qlobal rəqabətin şiddətini artırır. İkinci, Mərkəzi Asiya ilə Cənubi Qafqazın əlaqəli şəkilləndirilməsi prosesində iştirak edən oyunçulardan biri Çin, digəri isə onun rəqibi Hindistandır. Üçüncü, Xəzər dənizinin təhlükəsizliyinin təminində fərqli məntiqə malik olan İranın ambisiyalarını neytrallaşdırmaq vacib görünür”, o bildirib.
Kərimov hesab edir ki, Azərbaycanla Qazaxıstanın hərbi təlimləri geosiyasi əhəmiyyətli sularda təhlükəsizlik mühitinin qorunması və strateji aktivlərin etibarlı müdafiəsinə yönəlik addımlardır.
“Qərb üçün Azərbaycan Mərkəzi Asiyaya etibarlı qapıdır, bu mənada düşünürəm ki, Bakı ilə NATO arasında mövzu üzrə qapalı müzakirələr aparılır. Ümumiyyətlə, bu təlimlərə Rusiya öz, ABŞ isə fərqli məntiqlə dəstək verir, hərçənd ki, Azərbaycan-Qazaxıstan təlimi ən çox Türk Dövlətləri Təşkilatının vahid hərbi birlik modeli formatında diqqəti cəlb edə bilər. Çinin maraqlarına gəlincə o, Orta Dəhlizin keçdiyi marşrutların inkişafına təkan verir. O, Azərbaycanla Qazaxıstanın birgə hərbi təlimlərini özünün iqtisadi ekspansiyası üçün faydalı hesab edir”, şərhçi qeyd edib.