Güneyli milli fəal Kərim İsmayılzadə sentyabrın 28-də 600 milyon tümənlik girovla Təbriz həbsxanasından müvəqqəti olaraq azad edilib.
Sosial mediada yayılan xəbərə görə, Təbrizdə yaşayan fəal məhkəmə prosesinin sonuna qədər həbsdən müvəqqəti olaraq azad edilib.
O, bundan əvvəl avqustun 27-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təcridxanada dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.
Bundan əvvəl İran Azərbaycanının bəzi siyasi təşkilatları Urmiyə gölünün kritik vəziyyəti ilə bağlı avqustun 27-si üçün etiraz çağırışı etmişdi.
Bölgədəki hüquq müdafiəçiləri və milli fəalın yaxınları, o, həbsdə olarkən onun səhhətindən narahatlığını bildirib və xəbərdarlıq ediblər. Təbriz zindanında saxlandığı müddətdə xəstəliyinə baxmayaraq, o, müalicə imkanından məhrum edilmişdi.
İsmayılzadə bir aydan artıq həbsdə saxlanılıb və bu müddət ərzində zaminə buraxılması üçün ailəsi tərəfindən mülki zəmanət məbləğini təmin edilməsinə baxmayaraq, məhkəmə səlahiyyətliləri bu azərbaycanlı milli fəalın zaminə buraxılmasına mane olub.
Bölgədəki hüquq müdafiəçiləri milli fəalın həbs edilməsini ətraf mühit haqqında apardığı dinc fəaliyyətlərlə əlaqədar olduğunu güman edirlər. Lakin hələ ki, ona qarşı irəli sürülən ittihamlar barəsində məlumat yoxdur.
Kərim İsmayılzadə son zamanlar Araz çayının kəskin çirklənməsi və Urmiyə gölünün vəziyyəti ilə bağlı cəmiyyət arasında maarifləndirmə fəaliyyətləri aparıb.