Sentyabrın 26-da Azərbaycan müdafiə naziri Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Saşa Beykerin arasında telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Amerika tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı iki ölkə arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
İki ölkənin yüksək hərbi rəsmiləri arasında təhlükəsizlik müzakirələri Azərbaycanın Qarabağ regionunda lokal antiterror tədbirləri keçirəndən sonra regionda gərgin durumun yarandığı vaxta təsadüf edir.
ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Dağlıq Qarabağda durumu müzakirə edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə telefon söhbəti zamanı prezident Əliyevin əlavə hərbi əməliyyatların olmayacağını söylədiyini və Vaşinqtonun ondan buna əməl edəcəyini gözlədiyini bildirib.
Miller jurnalistlərə bildirib ki, Blinken bundan sonra hərbi əməliyyatlara son qoyulmasının, mülki şəxslərin qeyd-şərtsiz müdafiəsi və sərbəst hərəkəti, eləcə də Dağlıq Qarabağa humanitar yardımların maneəsiz çıxışının vacibliyini vurğulayıb.