Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi isə sentyabrın 26-sı Brüsseldə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub.
Görüşdə həmçinin Şarl Mişelin diplomatik müşavirləri, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, habelə Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun müşavirləri iştirak edib.
Aİ Şurasının Prezidentinin mətbuat katibinin görüşlə bağlı bəyanatına əsasən, tərəflər bölgədə mövcud vəziyyət və yerli əhalinin təcili ehtiyaclarının həllinə yönəlmiş müxtəlif səylər barədə fikir mübadiləsi aparıb.
“Avropa İttifaqı bütün bu hadisələri yaxından izləyir və hərbi əməliyyatların mülki şəxslərə təsirini azaltmağa kömək etmək üçün ən yüksək səviyyədə məşğul olur. Bu kontekstdə Aİ Azərbaycanın ötən həftə keçirdiyi hərbi əməliyyatla bağlı mövqeyini bir daha bəyan edib”, bəyanatda vurğulanır.
Məlumata görə, Hikmət Hacıyev Azərbaycanın yerli əhaliyə humanitar yardım və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planlarını açıqlayıb.
Aİ rəsmi Bakının Qarabağ ermənilərinin Azərbaycandakı gələcəyinə baxışı ilə bağlı daha ətraflı məlumata, şəffaflığın və beynəlxalq humanitar və insan haqları təşkilatlarının iştirakına ehtiyac olduğunu vurğulayıb.
Görüş zamanı həmçinin İspaniyanın Qranada şəhərində 5 oktyabr tarixində baş tutacaq Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində liderlərin mümkün görüşü ətrafında müzakirə aparılıb. Tərəflər Qranada görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma səylərini davam etdirməyə maraqlı olduqlarını qeyd ediblər.
“Armen Qriqoryan və Hikmət Hacıyev qarşıdan gələn mümkün görüşdə Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə dair mümkün konkret addımlar, o cümlədən sərhədlərin delimitasiyası, təhlükəsizlik, nəqliyyat, humanitar məsələlər və hərtərəfli sülh müqaviləsi ilə bağlı danışıqlar aparıblar”, məlumatda qeyd edilir.
Aİ normallaşma prosesinin bütün istiqamətləri üzrə konkret addımlara və qətiyyətli həll yollarına ehtiyac olduğunu vurğulayıb, rəsmi Bakı və rəsmi Yerevanı Qranada görüşündə əvvəlki görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini bir daha bəyan etməyə dəvət edib.
Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-i İspaniyanın Qranada şəhərində Aİ Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə yenidən görüşəcəyi gözlənilir. Bu formatda ilk görüş iyun ayının 1-i Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutub.
Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə iyul ayının 15-i Aİ Şurasının prezidenti Şarl Mişelin də iştirakı ilə Brüsseldə görüşüb.