Rəsmi Bakı Emmanuel Makronun regiondakı vəziyyətlə bağlı şərhinə cavab verib

Fransa prezidenti Emmanuel Makron canlı yayımda müsahibə verir

Fransa prezidenti Emmanuel Makron ötən bazar günü TF 1 və France 2 televiziya kanallarında canlı yayımlanan müsahibəsində Qarabağın erməni əhalisinin hüquqlarının pozulduğunu və Ermənistanın ərazi bütövlüyünün təhlükə altında olduğunu deyib.

“Son günlərdə Dağlıq Qarabağda, Azərbaycanın 2020-ci ilin payız-qış aylarında dəhşətli şəraitdə geri qaytardığı bu bölgədə yolverilməz cinayətlər və müharibə əməliyyatları ilə üzləşmişik. Orada yaşayan azlıqların, xüsusən də xristianların, bu torpaqlarda yaşayan erməni əsilli əhalinin hüquqları tamamilə pozulub”, Makron vurğulayıb.

Jurnalistin Fransanın erməni xalqına necə dəstək ola biləcəyinə dair sualına cavab olaraq, Makron Qarabağ ermənilərinə yardım üçün humanitar səfərbərliyə davam edəcəklərini deyib. Bundan əlavə, Makron danışıqlar aparıla biləcək yeganə sülh sazişində Qarabağda azlıqların hüquqlarına hörmət edilməsi məsələsinin yer alması üçün siyasi dəstəyi qeyd edib.

Fransa prezidenti həmçinin hazırda Ermənistanın ərazi bütövlüyünün təhlükədə olduğunu, Fransanın bununla bağlı çox diqqətli olduğunu bildirib.

“Bu gün qarşımızda Azərbaycanla ortaq olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən Türkiyə və sərhəd tanımayan, Ermənistanın sərhədini təhdid edən bir güc var. Bu gün risk altında olan budur. Fransa hər zaman birmənalı olaraq Ermənistan xalqının və beynəlxalq hüququn yanında olacaq”, Emmanuel Makron əlavə edib.

Rəsmi Bakı Fransa prezidentinin müsahibəsinə münasibət bildirirək, onun ikili standartlar tətbiq etdiyini və bölgədə mövcud vəziyyəti qərəzli şəkildə təhrif etdiyini deyib.

Azərbaycanın öz torpaqlarından erməni silahlı qüvvələrinin çıxardığını və tərksilah etdiyini qeyd edən Azərbaycan Xarici İşlər Nazirliyi bununla yanaşı erməni sakinlərə yardım göstərildiyini, onların reinteqrasiyası prosesinin həyata keçirildiyini əlavə edib.

“Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır. Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib.

Fransa prezidentinin açıqlamaları Qarabağda silahsızlaşdırılmanın davam etdiyini vaxt minlərlə erməni sakinin regionu tərk etdiyi vaxta təsadüf edir.

Ermənistan hökuməti yaydığı son bəyanatda Qarabağı tərk edən ermənilərin sayının 4850-ə çatdığını bildirir.

Eyni zamanda, sentyabrın 25-də Xocalı qəsəbəsində Qarabağ ermənilərinin təsmilçiləri ilə rəsmi Bakının nümayəndələrinin görüşü keçirilir. Görüşün başlıca mövzusu regionda qalan ermənilərin Azərbaycana reinteqrasiyasıdır.