İranda ötən il gənc qız Məhsa Əmininin öldürülməsinə qarşı baş tutan etiraz aksiyaları fonunda İran Azərbaycanının Qəzvin şəhərində hökumətin repressiv qüvvələri tərəfindən öldürülən Cavad Heydərinin ailəsinə hücum edildiyi və onların təzyiqlərə məruz qaldığı bildirilir.
Cavad Heydərinin ölümünün ildönümü ərəfəsində İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin Heydəri ailəsinə hücum edərək bir neçəsini döydüyü barədə məlumat yayılıb. Mərhum Cavad Heydərinin bacısı Fatimə Heydərinin Twitter hesabında yaydığı şəkil və videolarda ailə üzvlərinin döyülmək nəticəsində yaralandığı müşahidə olunur.
Fatimə Heydəri təhlükəsizlik qüvvələrinin onun ailəsinə silah və güllələrlə hücum etdiyini və bir neçə nəfəri yaraladığını iddia edib. Fatimə Heydərinin paylaşdığı video-görüntülərdə güllə səsləri və ailə üzvlərinin dəhşət və panikaya düşdüyü göstərilir.
O, həmçinin Rəhmətabad kəndində internetin kəsildiyini və kəndin çıxış yolunun bağlandığı barədə məlumat verib.
Cavad Heydərinin ölümündən sonra hökumət agentləri onun ailəsinin ildönümü mərasimi keçirməsinə əngəl olmaq üçün onlara təzyiq göstərib.
Fatimə Heydəri həmçinin İslam Respublikasının agentlərini onun ailəsini “girov götürməkdə” ittiham edib və yaşadığı kənddə “internet kəsmək” əməliyyatından şikayətlənib. O, "ailəsinə ciddi zərər verilmə ehtimalı" ilə bağlı narahatlığını ifadə edib.
İran mediası Qəzvin vilayətinin siyasi müavininə istinadən mərhum Cavad Heydərinin ailəsinin döyülməsinin həqiqətə uyğun olmadığını iddia edərək, bütün hadisələri təkzib edib.
Qəzvin vilayətinin türk vətəndaşlarından olan 36 yaşlı Cavad Heydəri keçən il sentyabrın 22-də həmin şəhərin "Millət" parkı önündə keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən kürəyindən güllə yarası alaraq həyatını itirib.
Onun dəfn icazəsi vərəqəsininin surətində ölüm səbəbi kimi “ağır daxili qanaxma", "sol qalça arteriyasının qırılması" və "yüksək sürətli metal mərmi ilə vurulması” qeyd edilib.
Buna baxmayaraq, Qəzvin vilayətinin təhlükəsizlik üzrə səlahiyyətlisi Cavad Heydərinin polis və yaxud hər hansı təhlükəsizlik qurumlarının məmurları tərəfindən qətlə yetirildiyini rədd edib.