AİHM Azərbaycanla bağlı yeddi yeni qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 21-i Azərbaycanla bağlı yeni qərarlarını elan edib.

Çıxarılan yeddi qərar və qərardad ümumlikdə 44 ərizəçinin işini əhatə edir. Ərizələrin əksəriyyəti müxtəlif dövlərdə inzibati həbslərə məhkum edilən müxalif siyasi fəalların işləridir. AİHM, həmçinin, Meydan TV əməkdaşlarına qarşı qoyunlan səyahət qadağasını qanunsuz hesab edib. Yekun qərarlara əsasən, hökumət ərizəçilərə ümumilikdə 80 min avro civarında təzminat ödəyəcək.

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının monitorinqini aparan Aihmaz.org saytının məlumatına görə, “Aynur Qənbərova, Natiq Cavadlı və Aytac Əhmədova Azərbaycana qarşı” işində Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin 2015-16-cı illərdə ölkədən çıxışlarına qadağa qoyulması və onların hava limanında saxlanılması ilə bağlıdır.

Ölkədən çıxışlarına qadağa qoyulması əsası ilə saxlanılan ərizəçilərə bu qadağanın onların əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması ilə bağlı olduğu bildirilib. Ərizəçilər ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirsə də, məhkəmələr onların şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edib.

Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçilər həmçinin onlara tətbiq edilmiş məhdudiyyətlərin siyasi motivli olması iddiası ilə Konvensiyanın 18-ci maddəsi üzrə şikayət veriblər.

Ərizəçilərdən Aynur Qənbərova axtarışa məruz qaldığı üçün şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edib.

Avropa Məhkəməsi bu işdə ərizəçilərin hamısına münasibətdə hərəkət azadlığı və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib, digər iddiaları araşdırmağa ehtiyac görməyib. Qərara görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görə isə 500 avro ödəməlidir.

“Zaur Məmmədov və başqaları Azərbaycana qarşı” işi inzibati qaydada cəzalandırılan ümumilikdə 8 siyasi fəalın ərizəsini əhatə edir. Müxalif siyasi fəalları polis əməkdaşları evlərindən polis bölməsinə aparıb və onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar.

Ərizəçilər hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırıldıqlarını, istədikləri vəkillə təmin edilməmələri və barələrindəki məhkəmə qərarlarının heç bir hüquqi əsasının olmadığını bildirərək, AİHM qarşısında Konvensiyanın 5-ci və 6-cı maddələrinin pozuntusunu qaldırıblar.

Bu işdə AİHM ərizəçilərin hamısına münasibətdə 6-cı maddənin (Ədalətli məhkəmə araşdırması hüququ) pozulmasına qərar verib. Qərara əsasən, hökumət mənəvəi zərər və xərclərə görə ərizəçilərin hər birinə 1250 avro təzminat ödəməlidir.

SEE ALSO: AİHM ilin ilk yarısında Azərbaycanla bağlı 60-dan çox qərar və qərardad qəbul edib

Ümumilikdə 21 ərizəni əhatə edən “Samir Babayev və başqaları Azərbaycana qarşı” və 8 ərizəni əhatə edən “Samir Aşurov və başqaları Azərbaycana qarşı” işləri də eynilə müxalif siyasi fəalların inzibati qaydada cəzalandırılmaları ilə bağlıdır. Bu işlərlə bağlı Azərbaycan hökuməti kommunikasiya zamanı Məhkəməyə təktərəfli bəyannamə təqdim edərək ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib. Hökumət pozuntuya görə təzminat ödəməyi təklif edib. Məhkəmə hökumətin təktərəfli bəyannamələrini qəbul edərək qərardad qəbul edib. Qərardadlara əsasən, hökumət ərizəçilərə mənəvi zərərə və xərclərə görə 1250 avro təzminat ödəyəcək.

AİHM “Laçın Vəliyev Azərbaycana qarşı” işində də hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən qərar çıxarıb.

Ərizəçi məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırılmaması iddiaları ilə Avropa Məhkəməsinə müraciət edib. Hökumət təktərəfli bəyannaməsində pozuntuları tanıyıb. Məhkəmə təktərəfli bəyannaməni nəzərə alaraq qərardad çıxarıb. Qərara görə, hökumət ərizəçiyə və təmsilçisinə 3500 avro təzminat ödəyəcək.

“İlham Əliyev və Sərdar Babayev Azərbaycana qarşı” işində də ərizəçilər məhkəməyə qədər həbs edilmələrinin əssasız olması ilə bağlı Avropa Məhkəməsi qarşısında iddia qaldırıb.

Məhkəmə bu işdə ərizəçilərin məhkəməyəqədər həbs qərarların əsassız olmasını, Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 3-cü bəndinin pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət İlham Əliyevə 3500, S.Babayevə isə 5000 avro təzminat ödəməlidir.

“Murad Muradov Azərbaycana qarşı” işi isə ərizəçinin etiraz nümayişi zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır.

Daxili məhkəmələr ona on sutka inzibati həbs cəzası verib. Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, daxili məhkəmələrin öz qərarları üçün əsaslar təqdim etməməsindən, inzibati məhkumluğunun onun sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxiləni təşkil etməsindən şikayət edib. Ərizəçi bundan başqa ona münasibətdə 7 Saylı Protokolun 2-ci maddəsinin pozulduğunu iddia edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi onun şikayətinə gec, on sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra baxıb.

Bu işdə tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardad ərizəçiyə və onun vəkilinə 3500 avro təzminatın ödənilməsini nəzərdə tutur.