Avropa İttifaqı, Avropa Parlamentinin deputatları və digər beynəlxalq təşkilatlar Qarabağda atəşkəsin qorunmasına, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çağırış ediblər.
Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel bugün səhər Azərbaycan prezidenti İlham Əliyevlə telefonda danışdığı zamanı atəşkəsin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı çağırış etdiyini qeyd edib.
“Bugün səhər Prezident İlham Əliyevlə telefonda danışığında tam atəşkəsin və Azərbaycan tərəfindən Qarabağ ermənilərinin təhlükəsizliyi və ləyaqətli rəftarın təmin edilməsi üçün çağırış etdim. Onların insan hüquqları və təhlükəsizliyi təmin edilməlidir. Dərhal humanitar yardım üçün giriş lazımdır”, Şarl Mişel X (keçmiş Twitter) səhifəsində yazıb.
Bugün Avropa Parlamentinin Xarici İşlər Komitəsinin toplantısında Qarabağda vəziyyəti müzakirə edilib. Komitə sədri Devid Mak-Allister bölgədə vəziyyətin olduqca narahatedici olduğunu vurğulayıb, hərbi əməliyyatları pisləyib və məsələninin danışıqlar yolu ilə həll edilməsinə çağırıb.
Çıxış edən digər deputatlar da hərbi əməliyyatları pisləyib, atəşkəsin elan edilməsini müsbət dəyərləndirib, danışıqlar masasına geri dönmənin vacibliyini vurğulayıb. Parlamentarlar həmçinin bölgədə humanitar vəziyyətin daha da pisləşəcəyinə dair narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini “hərbi eskalasiyadan yerli əhalinin məcburi köçürülməsinə bəhanə kimi istifadə etməkdən çəkinməyə” çağırıblar.
“Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bakının bu əraziyə nəzarəti bərpa etməsi həm də etnik erməni əhalisinin hüquqlarını qorumaq kimi vəzifələr daşıyır. Mən ürəkdən arzu edirəm ki, qarşıdan gələn aylar dünyanın bu hissəsinə davamlı sülh gətirsin, nəhayət, Rusiyadan qaynaqlanan münaqişəyə son qoyulsun və Ermənistanla qonşuları arasında münasibətlər normallaşsın”, Parlamentin deputatı Anna Fotiqa qeyd edib.
Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç də bəyanat yayaraq “hərbi eskalasiyanın yenilənməsini və onun mülki şəxslərə, xüsusən də ən həssas təbəqələrə təsiri” ilə bağlı təəssüfləndiyini bildirib.
“Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bölgədə silahlı döyüşlərin dayandırılması çox vacibdir. Yerli əhaliyə humanitar yardım göstərənlər və insan hüquqlarının müdafiəsini təmin edənlər üçün bölgəyə müntəzəm və maneəsiz çıxışın təmin edilməsi vacibdir”, Komissar vurğulayıb.
Rəsmi Bakı Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olunduğunu və sentyabrın 20-də yerli saatla 13:00-da “lokal xarakterli antiterror tədbirləri” dayandırıldığını bildirib.
Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, 21 sentyabr tarixində Azərbaycanın Yevlax şəhərində Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş keçiriləcək.
“Bir daha bildiririk ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəraitində inteqrasiyasıdır. Biz Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq. Amma müstəqil Azərbaycan Respublikasının ərazisində 10 minlərlə bir hərbi qüvvənin olması qəbuledilməz idi”, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bugün keçirilən brifinqdə deyib.