Sentyabrın 19-da ictimai fəal Rail Abbasov Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Vəkil bildirib ki, bu gün istintaq hərəkətləri aparılıb və istintaq hərəkətləri sabah da davam etdirləcək.
“Rail Abbasov ittihamı qəbul etmir və həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevi aktiv müdafiədən uzaqlaşdırmaq üçün onu həbs etdiklərini bildirir”, vəkil Abbasova istinadən qeyd edib.
Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə ictimai fəal Rail Abbasovun Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə təqib edildiyini deyib.
“O, Bəxtiyar Hacıyevin müdafiəsini yaxından və gündəlik işləyirdi. Hesab edirəm ki, Rail Abbasov şərlənib və Bəxtiyar Hacıyevi ciddi müdafiə etdiyinə görə belə təqib edilir. Bu, qisas aktıdır,” o qeyd edib.
Daxili İşlər Nazirliyi hələ fəalın saxlanılması ilə bağlı açıqlama verməyib.