Azərbaycan ordusu sentyabrın 19-da Qarabağ regionunda "lokal xarakterli antiterror tədbirlərinə" başladığnı elan edib. Hərbi əməliyyat başladıqdan sonra Avropa İttifaqı, o cümlədən bir sıra ölkələr döyüşlərin dayandırılmasına və danışıqların davam etməsinə çağırışlar ediblər.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
“Bu gün keçmiş Dağlıq Qarabağ vilayətindən sarsıdıcı xəbərlər gəlir. Bakı və Qarabağ erməniləri arasında həqiqi dialoqun baş tutması üçün Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırılmalıdır”, Şarl Mişel X (keçmiş Twitter) səhifəsində yazıb.
Avropa İttifaqının Xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrell də bəyanat yayaraq Qarabağda təmas xətti boyunca və digər yerlərdə hərbi eskalasiyanı pisləyib.
“Aİ gərginliyin gətirdiyi insan itkilərindən təəssüflənir. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına və Azərbaycanı hazırkı hərbi fəaliyyətlərini sonlandırmağa çağırırıq. Rəsmi Bakı və Qarabağ ermənilərinin dialoqa qayıtmasına təcili ehtiyac var. Bu hərbi eskalasiya yerli əhalinin məcburi köçməsinə bəhanə kimi istifadə edilməməlidir”, Borrell vurğulayıb.
Aİ sülh və normallaşma danışıqları üçün əlverişli mühit təmin etmək üçün zorakılığa son qoyulmalı olduğunu və danışıqlar əsasında nəticə əldə etmək üçün bütün tərəflərdən həqiqi öhdəlik tələb olunduğunu bildirib. İttifaq belə bir dialoqa vasitəçilik etməyə hazır olduğunu deyib.
Bundan əlavə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi Nümayəndəsi Toivo Klaar da X səhifəsində hərbi əməlliyatların vəziyyəti daha da pisləşdirəcəyini qeyd edib.
“Bu gün mina partlayışları nəticəsində Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə bağlı faciəli xəbərlər var. Lakin davam edən hərbi əməliyyatlar vəziyyəti daha da pisləşdirəcək. Dinc birgəyaşayışın yeganə yolu kimi Bakı və Qarabağ erməniləri arasında həqiqi dialoqa imkan yaratmaq üçün təcili atəşkəsə ehtiyac var”, Klaar vurğulayıb.
Rusiya XİN: Hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşvişə düşdüşüyü bildirib.
“Rusiya münaqişə tərəflərini qan tökülməsini və hərbi əməliyyatları dərhal dayandırmağa, siyasi və diplomatik həll yoluna qayıtmağa çağırır”, Zaxarova bugün keçirdiyi brifinqdə deyib.
“Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam edirlər. Sülhməramlı kontingentin komandanlığı atəşkəs əldə etmək və Üçtərəfli bəyanatın müddəalarına əməl edilməsi məqsədilə Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan hakimiyyəti ilə daim təmasdadır”, sözçü əlavə edib.
Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyir
Fransa da öz növbəsində bəyanat yayaraq Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasını qəti şəkildə pislədiyini bildirib.
“Artıq aylarla davam edən qeyri-qanuni blokadadan əziyyət çəkən minlərlə mülki vətəndaşı təhdid edən və beynəlxalq ictimaiyyətin danışıqlar yolu ilə həllə nail olmaq səylərinə zidd olan belə birtərəfli hərəkətə heç bir bəhanə haqq qazandıra bilməz. Fransa Azərbaycanı dərhal hücumu dayandırmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırır”, bəyanatda qeyd edilib.
Fransa həmçinin Birləşmiş Millətlər Təşkilatınıın Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib, adekvat cavab addımları üçün avropalı və amerikalı tərəfdaşları ilə təmasda olduğunu bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri: Mülki şəxslərin təhlükədə olması ilə bağlı xəbərlərdən dərin narahatam
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani hərbi əməliyyatlarla bağlı narahatlığını ifadə edib.
“ATƏT-in fəaliyyətdə olan sədri kimi mən Stepanakertdə/Xankəndidə hərbi əməliyyatlar və mülki şəxslərin təhlükədə olması ilə bağlı xəbərlərdən dərin narahatam. Mən təcili deeskalasiyaya çağırıram. Sülh dialoqu yeganə seçim olmalıdır və humanitar narahatlıqlar üstünlük təşkil etməlidir. Mən bugün Nyu Yorkda BMT-in Baş Assambleyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşərək diplomatik təmasların davam etməsi və davamlı sülh istiqamətində səylərə üstünlük verilməsi ilə bağlı çağırışlarımı yeniləyəcəm”, Bujar Osmani X səhifəsində yazıb.
Hərbi əməliyyatların dayandırılmasına çağırış edənlər arasında Avropa Parlamenti, Almaniya, Niderland, Estoniya, Litva və Lüksemburq və İran da var
Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid Mak-Allister, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand və Parlamentin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri Jelyana Zovko və Andrey Kovaçev birgə bəyanat yayaraq hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.
“Biz bu gün Azərbaycanın Dağlıq Qarabağa qarşı əvvəlcədən planlaşdırılmış və əsassız hücumunu ən kəskin şəkildə pisləyirik. Biz bu hücumun Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına ciddi zərbə vurmasından təəssüflənir, Azərbaycan prezidentini Ermənistanın baş nazirinin danışıqların ən yüksək səviyyədə bərpası ilə bağlı son çağırışlarını qəbul etməyə çağırırıq”, bəyanatda qeyd edilir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanı hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
“Azərbaycan atəşi dərhal dayandırmalı və danışıqlar masasına qayıtmalıdır. Biz Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesini dəstəkləyirik. Son günlərdə Aİ və ABŞ gərginliyin azaldılması və digər məsələrlə bağlı Azərbaycan və Ermənistanla gərgin danışıqlar aparıb. Rəsmi Bakının hərbi əməliyyatlardan çəkinəcəyi ilə bağlı vədini yerinə yetirmədi”, Berbok X (keçmiş twitter) səhifəsində qeyd edib.
Niderlandın xarici işlər naziri Hanke Bruins Slot da Azərbaycanın Qarabağda hərbi əməliyyatları ilə bağlı son dərəcədə narahatedici xəbərlərin olduğunu qeyd edib və bundan yalnız mülki insanların daha çox əziyyət çəkəcəyini qeyd edib.
“Niderland hərbi əməliyattların dərhal dayandırılmasına və Dağlıq Qarabağ erməniləri ilə konstruktiv dialoqun bərpa edilməsinə çağırır. Biz vəziyyəti vəziyyəti yaxından izləyir və digər Aİ ölkələri ilə vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üzrə variantları müzakirə edirik”, Niderlandlı nazir vurğulayıb.
Hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırışlara Estoniya, Litva, Lüksemburq kimi bir sıra digər Avropa İttifaqı ölkələri də qoşulub.
Eskalasiya ilə bağlı narahatlığını ifadə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani tərəfləri dialoq çağırıb.
“İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi hesab edir və məsələlərin, o cümlədən Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin bu çərçivədə və danışıqlar yolu ilə həll olunmalı olduğuna inanır”, Kənani qeyd edib.
Türkiyə XİN: Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu
Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq Azərbaycan ordusunun Qarabağ bölgəsində təxribatların qarşısının alınması və təhlükləsizliyin təmin edilməsi üçün qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı anti-terror əməliyyatı apardığını vurğulayıb.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə bölgədə vəziyyətlə bağlı səsləndirdiyi qanuni və haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu”, Türkiyənin bəyanatında qeyd edilib.
Azərbaycan XİN: Azərbaycan öz konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir
Azərbaycan Xarici İşlər Nazirliyi Aİ-nin Xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrellin və Fransanın yaydığı bəyanatlara cavab verib.
Rəsmi Bakı Fransanın bəyanatını qətiyyətlə rədd etdiyini və pislədiyini, “işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi” qiymətləndirdiyini bildirib.
“Fransanın İslamofob və anti-Azərbaycan siyasəti və onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar”, bəyanatda vurğulanır.
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin “Avropa İttifaqının son hərbi eskalasiyanın səbəblərini, habelə Ermənistan silahlı qüvvələrinin həm mülki əhaliyə, həm də hərbi qulluqçulara qarşı həyata keçirdiyi qanunsuz hərbi fəaliyyətin dayandırılması istiqamətində Azərbaycanın öz suveren ərazilərində fəaliyyətini qəsdən təhrif edən bəyanatını rədd etdiyini” deyib.
“Azərbaycan erməni əsilli sakinlər daxil olmaqla, bütün sakinlərini qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir”, rəsmi Bakı Aİ-nin Xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatına cavab olaraq qeyd edib.
SEE ALSO: Azərbaycan Qarabağda əməliyyatlara başladığını elan etdiAzərbaycan ordusu sentyabrın 19-da Qarabağ regionunda "lokal xarakterli antiterror tədbirlərinə" başladığını elan edib. Qarabağ səmalarında sirena və partlayış səsləri eşidildiyi anlarda regionun erməni təsmilçiləri Azərbaycanı təcavüz aktında ittiham edib. Ermənistan xarici işlər nazirliyi yaydığı bəyanatda Azərbaycanı Qarabağda "etnik təmizləmə" siyasətini bitirməyə cəhd etməkdə günahlandırıb.
Rəsmi Bakı hücum əməliyyatlarına 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli bəyanatın müddəalarının təmin olunmaması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə başladığını bildirib.