Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 18-də Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yarandığını bildirir.
“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib”, rəsmi məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi və Rusiya Sülhməramlı Kontingenti Azərbaycan Müdafiə Nazirliyinin məlumatları barədə indiyədək hər hansı şərh verməyib.
Ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, təyyarələrə radiomaneələr tətbiq edə biləcək “bahalı qurğular və bu qurğuları idarə edən mütəxəssislər” yalnız Rusiya sülhməramlı kontingentində ola bilər. O, Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə üçtərəfli bəyanatda nəzərdə tutulmayan, Rusiya ordusunun ştat cədvəlinə daxil olmayan xeyli avadanlıq və hərbi texnika gətirə bildiyini düşündüyünü deyib.
“Ölkənin təhlükəsizliyinə cavabdeh olan rəsmi qurumlar Rusiyanın Azərbaycan ərazisindəki hərbi kontingentinin istifadə etdiyi hərbi texnikanın və avadanlıqların üçtərəfli bəyanata uyğun olub-olmaması ilə bağlı vaxtaşırı yoxlama aparmaldır”, hərbi məsələlər üzrə təhlilçi bildirib.
Forum