Hacər İbrahimi: Qardaşım Peymanın niyə tutulduğunu bilmirik, zatən İranda türkəm dedinsə, suçlusan

Peyman İbrahimi

Avqustun 26-da Təbrizdəki evində nəzarət altına alınan sənətkar və mədəni fəal Peyman İbraminin ailəsi onun vəziyyəti haqqında məlumat ala bilmir.

Məhbusun Türkiyədə mühacirətdə yaşayan bacısı Hacər İbrahimi Amerikanın Səsi ilə söhbətində qardaşının ailəsi ilə görüşmək və ya telefonla danışmaq haqqı ilə təmin olunmadığını bildirib.

Your browser doesn’t support HTML5

Hacər İbrahimi: Qardaşım Peymanın niyə tutulduğunu bilmirik, zatən İranda türkəm dedinsə, suçlusan

"Peymanın vəziyyəti və səhhəti ilə bağlı heç bir məlumatımız yoxdur. Telefon və görüş yasağı var. 25 gündür ondan xəbərsizik. Anası və dörd yaşındakı qızı Laçın çox səbirsizdirlər Peyman üçün. Tutulduqdan sonra ikinci gün 10 saniyəlik bir telefon edib ki, məni kəşfiyyat şöbəsinə götürüblər. Ondan sonra bir xəbərimiz yoxdur. Sadəcə 9 gün sonra deyiblər ki, Peymanı Təbrizin mərkəzi həbsxanasının karantin bölməsinə köçürüblər," məhbusun bacısı söyləyib.

Peyman İbrahiminin anası müxtəlif təhlükəsizlik və məhkəmə qurumlarına müraciət etsə də, nə övladı ilə görüşə bilib, nə də onun vəziyyəti və hansı səbəblərə görə tutulduğu barədə məlumat ala bilib.

SEE ALSO: Təbrizdə tutulan mədəni fəal Peyman İbrahimi Sepahın təcridxanasında saxlanılır

Hacər İbrahimi deyir ki, "anam bütün qurumlara gedib. Dosye ilə bağlı heç bir məlumat vermirlər. Peymanı nə üçün aparıblar, hansı ittihamı vuracaqlar? Hər hansı bir xəbərimiz yoxdur. Bir tək hakimin adını bilirik; Seyid Musəvi adında. Anam ona qədər gedib, ancaq o da xoş qarşılamayıb. Hər hansı bir bilgi verməyib anama. Çox sərt davranıb. Qadın bütün qapıları çalır ancaq heç bir qapı üzünə açılmır. Məlumat vermirlər. Ya təhdid edirlər ki, sizi də həbs edəcəyik, ya da ki, evinizdə oturun xəbər verəcəyik."

O, qardaşının həbsinin səbəbləri ilə bağlı suala cavab olaraq onun milli və mədəni fəaliyyətlərinə diqqət çəkib:

SEE ALSO: Həbsdə olan rəqs müəllimi Peyman İbrahiminin ziyarətinə qadağa qoyulub

"Zatən İranda və Güney Azərbaycanda türk oldunmu, suçlusan. Peymanın da uşaqlıqdan bəri ana dili və milli məfkürələr haqqında çalışmaları olub. Yəni, elə deyil ki, sənin bir suçun var və tutub salırlar həbsxanaya. Türksənsə, türkəm dedinsə, suçlusan!"

Peyman İbrahimi uzun illərdir rəqs və musiqi kimi sahələrdə sənət fəaliyyətləri ilə məşğul olub.

"Mənin atam rəhmətli aşıq Qafar İbrahimi saz ustadı idi. Aşıq idi. Peyman da göz açandan saz-sənət içində böyüyüb başa çatıb. 19 ildir Azərbaycan rəqsləri sahəsində öyrətmənlik edir. Azərbaycan və Türkiyədə bir çox festivallara qatılıb. Ana dilini, kültürünü yaymaq üçün əlindən gəldiyi qədər çalışıb. Son vaxtlarda da ki, Urmiyə gölü məsələsi var," Hacər İbrahimi əlavə edib.