Peyman İbrahiminin səhhəti və harada saxlanıldığına dair məlumat yoxdur

Təbrizli Azərbaycan ənənəvi rəqsləri müəllimi Peyman İbrahimi

Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli fəal və Azərbaycan ənənəvi rəqs müəllimi Peyman İbrahimi 20 gündən artıqdır ki, ailəsi ilə görüşmək və telefon əlaqəsi saxlamaqdan məhrum edilib.

AZOH telegram kanalının yayımladığı video-görüntüdə Peyman İbrahiminin anası Pakizə (Sevda) Qulami oğlunun həbsindən sonra 20 gün ərzində İslam Respublikasının məhkəmə və kəşfiyyat səlahiyyətlilərindən övladının səhhətinin vəziyyəti və harada olması ilə bağlı heç bir cavab ala bilmədiyini deyir. O, bütün kəşfiyyat və məhkəmə idarələrinə müracət etdiyini, lakin səlahiyyətli şəxslərdən oğlu ilə bağlı heç bir açıqlama ala bilmədiyini bildirir.

Peyman İbrahimi avqustun 26-da atasının evində kəşfiyyat agentlərinin evə reydi nəticəsində həbs edilib. Milli fəalın qonşularının dediyinə görə, təhlükəsizlik agentləri onu həbs edərkən ağır şəkildə döyüb.

Ailəsinin onun müvəqqəti azadlığa buraxılması üçün mülki zəmanət təmini üçün dəfələrlə məhkəməyə müraciəti nəticəsiz qalıb və işin hakimi girovu qəbul etməkdən imtina edib.

Milli fəalın sentyabrın 6-da Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürüldüyü və bu bölmədə olduğu müddətdə telefon əlaqəsi saxlamaq imkanından məhrum olduğu bildirilsə də, onun işi haqqında tədqiqatın davam etdiyi və Təbriz Həbsxanasından dindirilmək üçün kəşfiyyat idarəsinin təcridxanasına qaytarılacağı barədə məlumat yayılmışdı.