Zəncan vilayətində 3000-dən çox şagird təhsilini yarımçıq qoyub

İranda təhsil ili yaxınlaşdığı bir vaxtda Zəncan vilayətinin Təhsil İdarəsinin rəsmiləri birinci sinifdə oxuyan 350 şagirdin, orta məktəblərdə isə 2800-dən çox şagirdin yeni təhsil ilinə məktəblərdə qeydiyyatdan keçmədiyini açıqlayıb.

Fars xəbər agentliyi Zəncan vilayətinin təhsil üzrə baş direktoru Əli İsmailiyə istinadən bildirib ki, bu məsələnin səbəbi araşdırılır. Zəncan vilayətində təhsil sahəsində çalışan bu səlahiyyətlinin sözlərinə görə, bu il 3 min 227 şagird məktəblərdə qeydiyyatdan keçməyib.

Bu Təhsil İdarəsinin rəsmisi bu barədə ətraflı məlumat verməyib. Təhsilini yarımçıq qoyan məktəb şagirdlərinin neçə faizinin oğlan və qız olduğu haqda da məlumat yoxdur.

Zəncan valisi Möhsün Afşarçı vilayətin təhsil şurasının şənbə günü keçirilən iclasında bildirib ki, vilayətdə uşaqların məktəbə getməməsinin səbəbi təhsil idarəsi tərəfindən araşdırılmalıdır.

Həmçinin yarı-rəsmi İSNA xəbər agentliyi Zəncan vilayətinin sosial rifah üzrə müavini Məryəm Kərmiyə istinadən xəbər verir ki, 300-ə yaxın uşaq və yeniyetmə dövlət rifah təşkilatının (Behzisti) xidmətləri ilə əhatə olunub.

İranda iqtisadiyyatın pisləşməsi, inflyasiyanın kəskin artması və alıcılıq qabiliyyətinin azalması, ailələrin maddi imkanlarına mənfi təsir buraxıb. Buna görə də, bir çox ailənin övladlarının təhsil xərclərini təmin etmək imkanlarının azalması uşaqların təhsilini problemlərlə üzləşdirir.

İran rəsmilərinin dediyinə görə, ana dili farsca olmayan bölgələrdə və ya onların “ikidilli” adlandırdıqları bölgələrdə şagirdlərin təhsili yarımçıq qoyması və ya təhsilin keyfiyyətinin aşağı düşməsi ölkənin mərkəzi bölgələri ilə müqayisədə xeyli yüksəkdir.

Bəzi siyasi fəalların fikrincə, keçən il kütləvi etirazlardan sonra aylarla davam edən və məktəblərdə çoxlu sayda qız şagirdlərinin zəhərlənməsinə səbəb olan geniş miqyaslı kimyəvi hücumlar qızların təhsildən yayındırılması məqsədi ilə həyata keçirilirdi. İran hökuməti qız məktəblərinə bu kütləvi hücumların səbəbkarları haqqında hələ ki, dəqiq məlumat verməyib.