Accessibility links

Qərbi Azərbaycan vilayəti təhsil sahəsində bir çox problemlərlə qarşılaşır


Qərbi Azərbaycan vilayətinin Təhsil İdarəsinin direktoru Cavad Cəngi
Qərbi Azərbaycan vilayətinin Təhsil İdarəsinin direktoru Cavad Cəngi

Qərbi Azərbaycanın vilayət hakimiyyət orqanları dəfələrlə vilayətdə təhsilin vəziyyətini tənqid edib. Bununla bağlı bir məmur bu yaxınlarda vilayətdə 4500 sinif otağına ehtiyacı olduğu barədə məlumat verib.

Vilayət Məktəblərinin Təmir və İnkişaf İdarəsinin direktoru Qəhrəman Rəhmani bildirib ki, Qərbi Azərbaycan vilayətində 4500 sinif otağı tikilsə, vilayət bu sahədə ölkənin orta səviyyəsinə çata bilər.

Qərbi Azərbaycan vilayətində şagirdlərə adambaşına düşən sinif otaqlarının sayı ölkə üzrə adambaşına düşən orta səviyyədən aşağıdır. Qərbi Azərbaycanda adambaşına düşən təhsil məkanı sahəsi 4,1 kvadratmetr, bütün ölkə üzrə bu rəqəm 5,22 kvadratmetrdir.

Vilayətdə sinif otaqlarının 399-u vaqonlardan ibarətdir, kirayə verilən sinif otaqlarının sayının isə 272 olması sinif otağı çatışmazlığı probleminin vilayətdə təhsil şəraiti sahəsində ciddi problem olduğunu göstərir.

Qərbi Azərbaycan vilayəti təkcə təhsil mühiti sahəsində problemlə üzləşmir, eyni zamanda müəllim resursları sahəsində də çatışmazlıqlar mövcuddur. Qərbi Azərbaycanın Təhsil İdarəsinin direktoru Cavad Cəngi bu barədə İRNA xəbər agentliyinə müsahibəsində bildirib ki, vilayətdə təhsil sahəsində işləmək üçün 9 mindən çox insan resursuna ehtiyac var.

Bundan bir ay əvvəl o, yarı-rəsmi İSNA xəbər agentliyi ilə söhbətində vilayətdə 8 min 623 kadr çatışmazlığı olduğunu açıqlamışdı.

Vilayətin Təhsil İdarəsinin rəsmilərinin mətbuata verdiyi məlumata görə, Qərbi Azərbaycanda bəziləri qeyri-dövlət məktəb olmaqla 27 min sinifdə 686 min 825 şagird təhsil alır.

2017-ci ildə Qərbi Azərbaycan vilayətinin o zaman təhsil idarəsinin direktoru vilayətdə 5 mindən çox sinif otağına ehtiyac olduğunu açıqlamışdı. Həmin vaxtdan beş il keçməsinə baxmayaraq, vilayətdə təhsil şəraiti ilə bağlı problemin həlli istiqamətində kifayət qədər iş görülmədiyi deyilir.

Qərbi Azərbaycan vilayəti İranda təhsildən geridə qalanların sayının ən çox olduğu vilayətlərdən biridir. Tələbələrin əhəmiyyətli bir hissəsi hər il maddi yoxsulluq və məişət xərclərini təmin etmək üçün işləmək məcburiyyəti qarşısında qalaraq təhsil müəssisələrini tərk edir. Keçən ilin aprel ayında Qərbi Azərbaycanın o vaxtkı valisi bu vilayətdə 50-60 min arasında şagirdin təhsili atdığını bildirmişdi.

XS
SM
MD
LG