Böyük Britaniya, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Avropa Şurası Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində keçirilən “seçkilər”i tanımadığını bildirib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld X (keçmiş twitter) sosial şəbəkəsində bildirib ki, Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən “qondarma seçkilər”i tanımır.
"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", səfir qeyd edib.
Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Pakistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın "destruktiv addımlar atmasının" qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” bölgədə beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri, İƏT qətnamələri və ATƏT prinsipləri daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, İƏT-in bəyanatında qeyd edilir.
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsində yaradılmış “qanunsuz rejimin təşkil etdiyi qondarma prezident seçkiləri”ni qətiyyətlə pisləyib.
"Beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması kimi bu təxribatçı addım regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Respublikasının Konstitusiya çərçivəsinə reinteqrasiyası səylərinə zərbə vurur", bəyanatda qeyd olunub.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç X (keçmiş twitter) sosial şəbəkəsində bildirib ki, Xankəndi/Stepanakertdə keçirilən seçkilərin hüquqi əsası yoxdur.
“Xankəndi/Stepanakertdə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur. Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunu dəstəkləməyə hazırdır”, baş katib qeyd edib.
Gürcüstan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağda 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımır”, bəyanatda qeyd olunub.
Bundan öncə Türkiyə, Ukrayna, Moldova və Avropa İttifaqı Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində keçirlən "prezident seçkiləri"ni tanımadığını bəyan edib.
Ermənistan mediasının məlumatına görə, sentyabrın 9-da Samvel Şahramanyan "Artsax Respublikasının prezidenti seçilib."
“Sentyabrın 9-da Artsax Respublikası Milli Assambleyasının növbədənkənar sessiyasında 23 deputat iştirak edib. Gizli səsvermədə 23 deputatdan 22-si Samvel Şaxramanyanın lehinə səs verib”, məlumatda qeyd edilir.
Rəsmi Bakı “Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması” olduğunu deyib.
“Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Rəsmi Yerevan məsələ ilə bağlı hələlik heç bir reaksiya verməyib. Ermənistan Xarici İşlər Nazirliyi ötən gün yaydığı bəyanatında Ermənistanın Azərbaycanla bütün həll edilməmiş məsələlərin sırf siyasi və diplomatik yollarla həllinə sadiq qalmaqda davam etdiyini bildirib.
“Ermənistanın təxribatlar hazırlaması ilə bağlı deyilənlər tamamilə əsassızdır. Ermənistanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur, əksinə, biz gərginliyin azaldılması üçün əvvəllər təklif etdiyimiz mexanizmləri müzakirə etməyə hazırıq. Biz regionda sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistan Respublikasının ən qısa zamanda Azərbaycanla müzakirələrə davam etməyə hazır olduğuna dəvət edirik”, sənəddə qeyd edilib.
Ermənistan mediasının məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-u Fransa, Almaniya, İran və Gürcüstan liderləri ilə telefonda danışaraq regionda vəziyyəti müzakirə edib, gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu ifadə edib.