Sentyabrın 2-də Bakının Nərimanov rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxılıb.
Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat verib.
Onun sözlərinə görə, məhkəmə vəsətəti təmin etməyib və Qubad İbadoğlu ev dustaqlığına buraxılmayıb.
Qalib Toğrul bundan sonra vəkillərin apellyasiya şikayəti verəcəyini bildirib.
O, qardaşının səhhətində problemlərin getdikcə dərinləşdiyini qeyd edərək, sentyabtın 1-də İbadoğlunun vəziyyətinin pisləşdiyini deyib.
“Dünən məhkəmənin təxirə salındığını bilə-bilə Qubad İbadoğlunu təcridxanadan məhkəməyə gətiriblər. Geri qaytararkən vəziyyəti pisləşdiyindən məcbur olub qardaşımı təcridxananın tibb məntəqəsində USM və Elektrokardioqramma müayinəsindən keçiriblər. Qubad müəllimin ürəyindəki neqativ dəyişiklikləri izləmək üçün Elektrokardioqramma bir tərəfə, heç Exokardioqramma da yetərli deyil” o bildirib.
Qalib Toğrul hesab edir ki, Qubad İbadoğlu mütləq kontrastlı maddə ilə döş qəfəsinin kompüter tomoqrafiyasından keçirilməlidir.
“Ürəkdə neqativ proseslər o qədır sürətlə gedir ki, indi bəzi şeyləri hətta Elektrokardioqramma ilə də müşahidə etmək mümkün olur. Qardaşımda aorta damarının kökünün genişlənməsi 41 mm-i keçib, əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası qeydə alınıb.
Bütün bunlara baxmayaraq qardaşımın müayinələrinin nəticələri bu gün məhkəməyə təqdim olunmayıb. Yenə də ümumi sözlərlə yola veriblər , Qalib Toğrul deyib.
Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən, Ombudsman Aparatından bu deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.