Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin ailəsi onun yoxa çıxdığını bildirir.
Yahyayevin həyat yoldaşı Şəhanə Yahyayeva bildirib ki, avqustun 31-i axşamdan ondan xəbər tuta bilmirlər.
"Həyat yoldaşım dünən saat 19.30-da avtomobili ilə anasını bağdan gətirməyə gedib. Dedi ki, başqa heç bir yerə getməyəcək. Bağa qədər maksimum 1 saatlıq yol var. 1 saat keçəndən sonra telefonla onu yığdım. Telefonu, interneti açıq olsa da, cavab vermədi. Anasına zəng vurdum, bağa gəlmədiyini dedi", o qeyd edib.
Fəalın həyat yoldaşı deyib ki, onun polisə etdiyi zənglər nəticə verməyib.
Yahyayevanın fikrincə, həyat yoldaşı saxlanılıb.
"O gün biz Bakı Ağır Cinayətlər Məhkəməsinə inanclı inanlarla bağlı məhkəməni izləməyə gedəndə bizi maşınla izləyirdilər. Ağaəli bəy siyasi məhbus həyatı yaşayıb, uzun müddət həbsdə olub deyə ailə ilə çoxlu vaxt keçirməyə çalışır. Dünən ilk dəfə idi ki, bizsiz evdən çıxdı və dərhal onu apardılar. Deməli, onu əvvəlcədən izləyirdilər".
O qeyd edib ki, vəkil Yahyayevi axtarıb hər yerə müraciət etsə də, onu tapa bilməyib.
Ağaəli Yahyayev 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.