İran müdafiə naziri Azərbaycana işgüzar səfərə gəlib

İran müdafiə naziri Azərbaycana işgüzar səfərə gəlib

Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib.

Oktyabrın 22-də İranın müdafiə naziri Əhməd Vəhidi Azərbaycana işgüzar səfərə gəlib. O, səfər çərçivəsində prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, cənab Vəhidi İran prezidenti Mahmud Əhmədinejadın məktubunu prezident İlham Əliyevə təqdim edib. Xəbərdə məktubun məzmunu barədə məlumat verilmir.
Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib.

Azərbaycan və İran müdafiə nazirlərinin görüşündə isə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, İran müdafiə nazirinin Azərbaycana səfəri Azərbaycan-İran sərhəddində baş verən insidentdən iki gün sonraya təsadüf edir. Azərbaycan tərəfinin məlumatına görə İran əsgəri Azərbaycan sərhədini keçərək 1200 metr ölkənin ərazisinə daxil olub və silahlı müqavimət göstərdiyinə görə Azərbaycan sərhəd qoşunları qarşılıqlı atəş açıb. Yaralanmış İran əsgəri xəstəxanada vəfat edib.

Bununla yanaşı, bu il iyulun 3-də Azərbaycan-İran sərhədində baş vermiş atışma nəticəsində azərbaycanlı sərhədçi, leytenant Rüfət Quliyev həlak olub. Azərbaycan İran ərazisindən onun dövlət sərhədinə silahlı basqın olduğunu bildirsə də, İran tərəfi Azərbaycan zabitinin İran ərazisinə keçdiyi və orada öldürüldüyünü iddia edib.

İranlı nazirin səfəri barədə əvvəlcədən məlumat verilməyib.