Son həftələr İranın Bakıdakı səfirliyinin qarşısında Urmiyə gölülün quruması əleyhinə keçirilən nümayişlərdəki çıxışlar və Azərbaycanın bəzi rəsmilərinin bəyanatları İranın bir neçə rəsmi mətbuat orqanında Azərbaycan Respublikasında xalqın Urmiyə gölünün xilası üçün Araz çayından su gətirilməsinə razı olmadığı kimi qələmə verib. Burada ən çox adı hallanan şəxs, İranda yaşayan azərbaycanlıların hüquqlarının hər zaman müdafiəsində duran Sabir Rüstəmxanlıdır.
Cənab Rüstəmxanlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycan Respublikası haqqında İranın rəsmi mətbuatında yayılan şərhlər təbliğat xarakteri daşıyır. "Mənim etiraz aksiyaları zamanı çıxışlarımın audio yazıları var. Həmin yazılarda İran mətbuatının yazdıqları əksini tapmır. Əksinə, mən Araz çayından Urmuya su verilməsi məsələsinə mənfi baxmadığımı və bunu dəsdəklədiyimi bildirmişəm. Ümumilikdə isə ömrünü İranda yaşayan soydaşlarının milli-mədəni hüquqlarının müdafiəsinə həsr etmiş bir şəxs barədə belə böhtanların yazılmasına Azərbaycan xalqı heç zaman inanmaz".
Onun sözərinə görə, İranın rəsmi mətbuatında yazılan məlumatlar bu ölkədə və xaricdə yaşayan soydaşların Azərbaycana qarşı ruhdan salınmasına yönəlib."Ola bilər ki, bəzi insanlar Azərbaycan xalqının Urmiyə gölünə Arazdan su gətirilməsi məsələsinə münasibətdə həmin qəzetlərə inansın. Amma, bu qəzetlər İranın rəsmi dairələrinə bağlıdır və böhtan siyasətindən bəhrələnmək istəyirlər. Mən Azərbaycanın güneyində,quzeyində və bütün dünya boyunca yaşayan xalqımızı belə böhtanlara inanmağa çağırıram. Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar hər zaman Güney Azərbaycanlıların yanındadır", - deyə o qeyd edib.