İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ölkənin “FARS” xəbər agentliyinin 9 avqust tarixli sayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumata görə, xarici işlər nazirinin müavini Nadir Hüseynov Iran səfirinə Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.
Xarici İşlər Nazirliyinin notasında İran rəsmisinin məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafe və təhlükəsizliyinə zidd məlumatların yayılmasının, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin təhrif olunması iki ölkə arasında yaranmış dostluq və qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.
Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.
Xatırladaq ki, İran ordusunun Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan dövlətini “islama hörmətsizlik” etməkdə günahlandırıb.
İran mediasının məlumatına görə, Firuzabadi Azərbaycan hakimiyyətini ölkədə dindarların hüquqlarını pozmaqda və sionistlərin maraqlarını təmin etməkdə ittiham edib. “Bu siyasət davam etdirilərsə, onun sonu zülmət olacaq və Aran xalqının qiyamını yatırmaq mümkün olmayacaq”, deyə o qeyd edib.
General bildirib ki, “Aran xalqının damarlarında iranlı qanı axır, ürəkləri isə Quran və İslam sevgisi ilə doludur”.