Azərbaycan Baş Prokurorluğu Laçın sərhəd-keçid məntəqəsində saxlanılan üç Ermənistan vətəndaşının cinayət təqibindən azad edildliyini, onlar barəsində 10 gün müddətinə inzibati həbs cəzasının tətbiq edildiyini bildirib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti avqustun 28-də məlumat yayıb.
Azərbaycan Baş Prokurorluğunun müvafiq qərarı əsasında Ermənistan vətəndaşları Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati icraat başlanıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində 10 gün müddətə inzibati həbs tətbiq olunub.
Məlumatda deyilir ki, inzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycanın hüdudlarından kənara çıxarılması təmin olunacaq.
Prokurorluq bildirir ki, erməni futbolçularının Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı 2021-ci il dekabrın 14-də Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
“Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan vətəndaşları - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib. Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib”, Baş Prokurorluq bildirir.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, avqustun 28-də Dağlıq Qarabağın sakinləri Alen Sarqisyan, Vahe Hovsepyan və Levon Qriqoryan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən “Laçın dəhlizindəki qanunsuz keçid məntəqəsində oğurlanıb”.
“Sakinlərin saxlanılması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi boyunca fasiləsiz rabitəni nəzarətdə saxlamalı və təmin etməli olan Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə həyata keçirilib. Göstərilən şəxslər təhsillərini davam etdirmək üçün Ermənistana gedirdilər. İyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə Ermənistana tibbi yardım almaq üçün gedən 68 yaşlı Vaqif Xaçatryanın oğurlanması da bundan əvvəl Azərbaycanın üçtərəfli bəyanatı kobud şəkildə pozmasıdır”, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Azərbaycan bu addımın Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsi ilə bağlı atıldığını bildirib. Ermənistan isə bunun 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib.