Avqustun 24-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasında jurnalist Cəmil Məmmədli barəsində məhkəmə istintaq ptrosesi müddətində həbs-qətimkan tədbiri seçib. Məhkəmə baxışı sentyabrın 7-nə təyin edilib.
Bu barədə vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 221.2.2 ((xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.
“Bu gün hazırlıq iclası idi. Dövlət ittihamçısı və zərər çəkmiş şəxslər vəsatət verib ki, Cəmi Məmmədli proses iştirakçılarına qanunsuz olaraq təsir göstərir. Belə ki, sosial şəbəkələrdə onlar haqqında təhqiredici məzmunda məlumatlar paylaşır. O, bununla proses işirakçılarına və məhkəmənin qanuni keçirilməsinə təsir gəstərir. O baxımdan Məmmədli haqqında polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs- qətimklan tədbiri ilə əvəz olunmasını xahiş etdilər. Müdafiə tərəfi etirazını bildirdi ki, ümumiyyətlə sosial şəbəkələrdə yazılanların məhkəməyə aidiyyatı yoxdur. Həm də məhkəməyə onunla bağlı bir sübut təqdim olunmayıb ki, hansı proses iştirakçısına hansı təsir göstərilib. Buna baxmayaraq, məhkəmə vəsatəti təmin etdi və Cəmil Məmmədli barədə imkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz etdi”, vəkil qeyd edib.
Vəkilin sözlərinə görə, iddialar üç epizoddan ibarətdir.
“Bunlardan biri xuliqanlıq epizodudur. Guya Məmmədli ictimai yerdə mübahisə zamanı iki nəfərə xəsarət yetirib. Bir dələduzluq epizodu var. Bu Həbibovlar ailəsi ilə bağlıdır. Onların anası 2010-cu ilədək bazarın müdiri olub və öldürülüb. Qətlin üstü hələ də açılmayıb. Həbibovlar iddia edir ki, 2017-ci ildə Cəmil Məmmədli onlara zəng edib ki, qətlin üstünü açacaq və prokuroluğa guya qanunsuz təsir göstərəcək. Bu məqsədlə onlardan 10 min manat pul alıb. Amma həmin pulun verilməsini təsdiq edən bir sübut yoxdur. Bir neçə zərər çəkən də var. Onlar iddia edir ki, Məmmədli onlardan pul alıb. Guya Cəmil Məmmədli mətbuatda onlar barəsində məlumatlar paylaşıb və pul müqabilində həmin məlumatları elektron vasitələrdən çıxaracaq. Amma, onların özləri də deyir ki, Cəmil Məmmədli onlardan birbaşa pul almayıb, Dəyanət adlı şəxsin vasitəsi ilə alıb. Dəyanət də istintaqa eyni ifadə verib. Guya Cəmil Məmmədli Dəyanət adlı şəxslə qrup halında pul alıb. Amma Dəyanəti təqsirləndirilən şəxs qismində cəlb etməyiblər. Yəni sadəcə Cəmil Məmmədli məhkəməyə verilib”, o qeyd edib.
Vəkilin sözlərinə görə, Məmmədli barəsində həbs-qətimkan tədbirinin seçilməsini Həbibovlar ailəsi tələb edib.
“Həbibovlar bundan öncə Cəmil Məmmədlini həm də xüsusi ittiham qaydasında Xaçmaz rayon Məhkəməsinə verib. Xaçmaz rayon Məhkməsi onun barəsində islah işləri kəsib. Həbibovlar sonra Məmmədlinin həbs edilməsi ilə bağlı apellyasiya şikayəti edib. Belə görünür ki, Həbibovların məqsədi sadəcə Cəmil Məmmədlini həbs etdirməkdir”.
Vəkil məhkəmənin həbs-qətimkan tədbiri seçməsi qərarının düzgün olmadığı qənaətindədri.
“Çünki Cəmil Məmmədli barəsində bir sübut yoxdur. O həm də məhkəmənin çağırışından yayınmır, prosesə vaxtında gəlir, daimi yaşayış yeri var. Həm də tanınmış şəxsdir, jurnalistidir. Bu həbs birbaşa onun ifadə azadlığının məhdudlaşdırılmasına yönəlib”, Namazlı belə hesab edir.
Öz növbəsində Fuad Həbibov Amerikanın Səsinə deyib ki, ilkin istintaq orqanı, yəni Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsi Cəmil Məmmədli barəsində polisin nəzarətinə verilmə imkan tədbiri təyin etmişdi.
“Hər halda onun jurnalist fəaliyyəti nəzərə alınmışdı. Lakin Cəmil Məmmədli cinayət işinin istintaqı yekunlaşdırılıb Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra qanunun tələblərini pozub, şahidlərə təsir etmək, onların səsini yazıb ictimailəşdirmək və sairə. Əsasən də bizim ailəni hədəf göstərib, dəfələrlə hədələyib. 7 avqust tarixində bunu açıq şəkildə bildirib. Guya ona verilən 4 maddənin hamısını Həbibovlar ailəsinin, onun təbirincə desək, düzüb-qoşduğu barədə ittihamlar səsləndirib. Sosial şəbəkədə açıq şəkildə guya bizim ailə barədə hansısa video materilları yayacaqı ilə bağlı hədlədi. Üstəlik də təhqirlər edirdi. Prokuroluqla bərabər, biz də vəsatət vermişik. Hesab edirik ki, bütün bunlar, şahidlərin qanunsuz olaraq səs yazılarını yaymaq, hədələmək məhkəməyə təsir etməkdir”, o, Amerikanın Səsinə deyib.
Cəmil Məmmədli regionda fəaliyyət göstərən jurnalistdir. Əvvəllər Azadlıq Radiosunun əməkdaşı olan jurnalist hazırda müstəqil fəaliyyət göstərir. O, bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub. Bu ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlanıb. Jurnalistə, həmçinin xuliqanlığa görə cinayət işi açılıb.
Məmmədli bütün ittihamları rədd edir, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirib.
Jurnalist həbsindən öncə Amerikanın Səsinə bildirib ki, son dəfə rayon sakini Fuad Həbibov ondan həm məhkəməyə, həm də istintaqa şikayət edib.
“O, məhkəməyə böhtan və təhqirlə bağlı şikayət edib. Xaçmaz Rayon Məhkəməsi aprel ayında artıq bu ittihamla məni 1,5 il islah işlərinə məhkum edib. İndi apellyasiya şikayəti vermişəm. Daha bir şikayət isə Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsinə veriblər. Onlar iddia edir ki, guya mənə 10 min manat rüşvət veriblər. Mən onlara guya söz vermişəm ki, qətlə yetirilmiş anaları ilə bağlı cinayət etmiş insanları tapacam. Rüşvətlə bağlı iddialar tam yalandır. İndi mənə qarşı 178.2 (Dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb”, o qeyd edib.
Jurnalist təzyiqlərin siyasi olduğunu bildirib.
“Bu şikayətlər mənim Quba rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı video faktlarımdan sonra onun məni təhqir və böhtan ittihamı ilə məhkəməyə verməsindən sonraya təsadüf edir. Çünki icra hakimiyyəti başçısının şikayəti ilə məhkəmə mənim barəmdə həbs qərarı çıxarmadı. İndi nəyin bahasına olursa-olsun məni həbs etdirmək istəyirlər”, o qeyd edib.